Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçiriləcək “Şəbəkə inzibatçısı” üzrə təlimə müraciətlər qəbul olunur.
Agentlikdən bildirilib ki, təlim iştirakçıları şəbəkə avadanlıqları, onların işləmə mexanizmi, lokal və qlobal şəbəkənin qurulması və sazlanması, şəbəkədə istifadə edilən protokollar, IP rutinq və lan sviçinq texnologiyasını öyrənəcək və təcrübədə tətbiq imkanı əldə edəcəklər.
Təlimlər ənənəvi formatda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində keçiriləcək. İki ay davam edən təlimdə orta ixtisas/peşə və ya ali təhsilli, ingilis dilini başlanğıc səviyyədə bilən, informasiya texnologiyaları üzrə təhsili və ya iş təcrübəsi olanlara üstünlük veriləcək. Müraciətlər iyunun 5-dək qəbul olunur.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə peşə təhsil mərkəzlərində keçirilən qısamüddətli təlimlərdən yalnız bir dəfə ödənişsiz əsaslarla yararlanmaq imkanı verilir.