Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 104-cü ildönümü ilə əlaqədar olaraq Gəncə şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Gəncə Regional Mədəniyyət İdarəsi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Mədəniyyət tariximizin işıqları” adlı silsilə tədbirlər təşkil edib.
Tehsil.biz xəbər verir ki, konsert proqramı və ustad dərslərindən ibarət silsilə tədbirlərdə Cümhuriyyət dövründə, habelə ondan əvvəl və sonra yaşamış tarixi şəxsiyyətlərin – Əhməd Cavadın 130, Xurşidbanu Natəvanın 190, Hacı Zeynalabdin Tağıyevin 200, Hüseyn Cavidin 160, Fikrət Əmirovun 100 və Rauf Hacıyevin 100 illik yubileyləri qeyd edilib.
Dörd ixtisas – vokal, fortepiano, kamança və tar üzrə keçirilən ustad dərslərində adları çəkilən dahi şəxsiyyətlər yad edilmiş və onların Azərbaycan mədəniyyəti tarixindəki müstəsna xidmətlərindən bəhs edilib. Gəncə şəhəri Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində keçirilən ustad dərslərində təcrübəli mütəxəssislər şagird və müəllim heyəti ilə öz təcrübələrini bölüşüblər.
Silsilə təbirlərin davamı olaraq, Gəncə Dövlət Filarmoniyasında Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi məktəbinin şagird-müəllim kollektivi, Gəncə Uşaq İncəsənət məktəbinin şagirdləri, Filarmoniyanın solistləri, Dövlət mükafatçıları, yerli və beynəlxalq müsabiqə laureatları zəngin proqramla çıxış ediblər.
Tədbiri salamlama nitqi ilə açan Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycan dövlətinin ötən əsrdə milli müstəqillik uğrunda keçdiyi keşməkeşli yol və bu mübarizənin davamı olaraq müasir dövrdə respublikamızın əldə etdiyi uğurlar barədə fikirləri ilə bölüşüb. Daha sonra giriş sözü ilə çıxış edən Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli qonaqları Cümhuriyyətin ilk paytaxtı olan Gəncə şəhərində salamladı və yubileyləri qeyd edilən şəxsiyyətlər barədə məlumat bölüşərək bu dahi şəxsiyyətlərin əziz xatirəsini xalqımızın daima xatırladığını və adlarını uca tutduğunu qeyd edib. Eyni zamanda o, bildirib ki, adı çəkilən mütəfəkkirlər milyonlarla insanın qəlbində yaşayır və gələcək nəsillərə mənəvi bağlarla ötürülür.
Tədbir zəngin konsert proqramı ilə davam etdirilmiş, musiqili gecədə Əhməd Cavadın, Natəvanın sözlərinə bəstələnmiş mahnılar, Rauf Hacıyev və Fikrət Əmirovun əsərləri, habelə Hüseyn Cavidin şeirləri səsləndirilib.
Konsertə xüsusi rəng qatan Türk-Azərbaycan qardaşlığının rəmzinə çevrilmiş musiqili xoreoqrafik kompozisiya – “Mehtər marşı” və “Can Azərbaycan” mahnıları tamaşaçlar tərəfindən böyük maraqla qarşılanmışdır. Yekunda sözləri istiqlal şairi Əhməd Cavada aid olan “Çırpınırdın Qara Dəniz” mahnısı tamaşaçıların diqqətinə təqdim edilib.
Sonda səhnəyə dəvət edilən Gəncə Regional Mədəniyyət İdarəsinin, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və 15 nömrəli Musiqi məktəbinin rəhbərləri təşkil olunan birgə tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.