Logo

“Türk dünyası muzeylərində qeyri-maddi mədəni irs” mövzusunda görüş baş tutub - FOTOLAR

31.05.2022 22:03 439 baxış
IMG

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), UNESCO Türkiyə Milli Komitəsi və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 26-28 may 2022-ci il tarixlərində türk dünyasının cari il üçün mədəniyyət paytaxtı elan edilən Bursa şəhərində Türk dünyasının muzey rəhbərlərinin və xadimlərinin iştirak etdiyi “Türk dünyası muzeylərində qeyri-maddi mədəni irs” mövzusunda növbəti görüşü baş tutub.

Tehsil.biz xəbər verir ki, hər il müxtəlif ölkələrdə keçirilən tədbirdə Mədəniyyət Nazirliyini Muzey və daşınar mədəni irs sektorunun aparıcı məsləhətçisi Kənan Hüseynov və Azəbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova təmsil edib.

Türk dünyası ölkələri arasında muzeyşünaslıq sahəsində qarşılıqlı məlumat mübadiləsi, təcrübə mübadiləsi və əməkdaşlığı təmin etmək məqsədilə təşkil edilən Türk dünyası muzeylərinin görüşü Türk Dünyası Muzeylər Birliyinin toplantısına da ev sahibliyi edib.

Açılış mərasimində çıxış edən Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş geniş coğrafiyada yaşayan türk xalqları arasında mədəni əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən qeyri-maddi mədəni irs işlərini dəyərləndirərək muzey işçiləri üçün nümunəvi əsərlər yaratmağı hədəflədiklərini bildirib.

TÜRKSOY Muzeylər Birliyinin strukturlaşması istiqamətində mühüm addımlar atılan tədbirdə Türk dünyasından 70-dən çox alim və muzey rəhbərləri iştirak etmiş və ümumilikdə 50-dən çox məruzə təqdim edilib.

Azərbaycan Milli Xalça Muzeyinin direkoru Şirin Məlikova “Azərbaycan Milli Xalça Muzeyində Türk dünyasının ortaq mirası olan xalçaçılıq sənədinin yaşadılması və tanıdılması” mövzusunda çıxış etmiş, iştirakçıları ölkəmizin xalçaçılıq sənəti və muzeyin fəaliyyəti haqqında məlumatlandırıb.

Tədbirin son günündə Türk Dünyası Muzeylər Birliyinin toplantısında Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzeylər şöbəsinin müdiri Bülent Gönültaş TÜRKSOY-un Muzeylər Birliyinin strukturlaşdırılması istiqamətində təşəbbüsünü yüksək qiymətləndirdiklərini və hər cür dəstəyi verməyə hazır olduqlarını bildirib.

Beynəlxalq Muzeylər Şurası (ICOM) Türk Milli Komitəsinin də sədr müavini olan Gönültaş, Birliyin koordinatorluğunun cari il üçün Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilməsini, daha sonra 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilmiş Azərbaycanın Şuşa şəhərində keçiriləcək növbəti iclasla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təhvil verilməsini təklif edib. Hər il Birliyin mədəniyyət paytaxtı seçilən ölkənin birlikdən sonra fəaliyyətini davam etdirməsini təklif edən Gönültaşın təklifi toplantıya qatılan bütün maraqlı tərəflər tərəfindən müsbət qarşılanıb. Toplantının sonunda bütün iştirakçıların razılaşdığı məsələlər bəyanat şəklində hazırlanaraq iştirakçıların imzasına təqdim edilib.

TÜRKSOY Muzeylər Birliyinin növbəti toplantısının 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa şəhərində keçirilməsi qərara alınıb.

Xəbər lenti