Logo

Yanvarın 11-də BDU-da imtahan sessiyası öz işinə başlayır

10.01.2021 18:56 783 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlıqla bağlı bütün işlər vaxtında başa çatdırılıb.

 

BDU-da tələbə və magistrantlar, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr və magistrantlar payız imtahan sessiyası müddəti ərzində onlayn qaydada şifahi formada imtahan verəcəklər.

 

İmtahan sessiyası Azərbaycan Respublikasının Təhsil nazirinin "2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi barədə" 11 dekabr 2020-ci il tarixli müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçiriləcək.  BDU-da hər bir struktur bölməsinə müvafiq tapşırıqlar verilib, iş bölgüsünə əsasən imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib.
COVID-19 pandemiyasının tədrisdə yaratdığı çətinlikləri, Vətən Müharibəsi dövründə onlayn dərslərin təşkilində yaranmış texniki problemləri, cəbhə bölgəsində yaşayan tələbələrin, habelə onlayn dərslərə qoşulmaqda çətinliklərlə üzləşən, onlayn dərslərə müntəzəm qoşula bilməyən tələbələri nəzərə alaraq bütün təhsilalanlar üçün güzəştlər tətbiq edilib. Cari imtahan sessiyası ilə bağlı bütün texniki-təşkilai işlər vaxtında yerinə yetirilib, tələbələrin qiymətləndirilməsi aparılıb, hər bir fənn üzrə suallar və cavab mətnləri tələbələrə çatdırılıb.

 

Bakalavriat və magistratura səviyyələrinin bütün kurslarında 1 fənn üzrə ümumi qiymətləndirilmə tələbənin cari imtahan sessiyasında əldə etdiyi nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricinə - ÜOMG) uyğun olaraq aparılacaq. Bununla bərabər belə qiymətləndirmə ilə razılaşmayan və həmin fəndən imtahan vermək istəyən tələbələr üçün mövcud qaydalar əsasında imtahanlar təşkil ediləcək.

 

Mövcud vəziyyətlə əlaqədar olaraq, tələbələrin şikayət və təkliflərinə həssaslıqla yanaşılacaq, hər bir hal üzrə müraciət BDU rektorunun yanında yaradılmış Apellyasiya Komissiyasında dəqiq və operativ şəkildə araşdırılaraq cavablandırılacaq, imtahanların təşkilində və gedişində nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir. Bundan əlavə, imtahanlara rektor, prorektorlar, dekanlar, dekan müavinləri və Tələbə Nəzarət Qrupunun üzvləri nəzarət edəcək. Həmçinin sessiya müddətində "Qaynar xətt"in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin ediləcək.

Xəbər lenti