Logo

ATU əməkdaşları beynəlxalq konqresdə iştirak ediblər

01.06.2022 11:11 327 baxış
IMG

Azərbaycan Tibb Universitetinin nümayəndələri Türkiyənin Samsun şəhərində keçirilən XII Ümummilli Tibb Təhsili Konqresində iştirak ediblər.

Tehsil.biz xəbər verir  ki, tədbirə ATU-nun elmi katibi Nazim Pənahov, Tədris şöbəsinin müdiri Kamandar Yaqubov, I Müalicə-profilaktika fakültəsinin dekanı Elşad Novruzov, həmçinin müxtəlif kafedraların təmsilçiləri qatılıblar.

Mayın 19-22-də keçirilən konqresin məqsədi tibb və sağlamlıq elmləri üzrə müəllimlərin və növbəti layihələrdə təlimçi kimi iştirak edəcək şəxslərin bilik və bacarıqlarının artırılmasına yardım etməkdən ibarət olub. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə baş tutan tədbirdə bu qurumun ölkəmizdəki nümayəndəsi Dr. Hande Harmancının moderatorluğu ilə Azərbaycanda tibb elmləri sahəsindəki son yeniliklərə həsr olunmuş xüsusi panel sessiya keçirilib.

Konqresə “Azərbaycanda Tibb və Sağlamlıq elmlərini tədris edən mütəxəssislərin təhsilindəki dəyişikliklər” mövzusu ilə əlaqədar 8 poster və 3 məruzə təqdim olunub. Eyni zamanda, ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti Samir Cavadov “Azərbaycanda Tibb və sağlamlıq elmlərinin tədrisi” mövzusu ilə çıxış edib. Tədbirdə tibb təhsilində dəyişikliyin istiqamətləri, liderlik təcrübələri, dəyişim mühiti, dövlət standartları və s. kimi mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, konqresdə Azərbaycan Tibb Universitetinin əməkdaşları ilə yanaşı Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, 1 və 2 saylı Baza Tibb Kollecləri və Gəncə Tibb Kollecinin nümayəndələri də iştirak ediblər.

Xəbər lenti