Logo

Azərbaycan Universiteti Çankırı Karatekin Universiteti ilə əməkdaşlıq edəcək - FOTOLAR

02.06.2022 10:12 420 baxış
IMG

Azərbaycan Universiteti ilə Türkiyənin Çankırı Karatekin Universiteti arasında əməkdaşlığa dair memorandum, həmçinin “Erasmus” mübadilə proqramı çərçivəsində birgə fəaliyyətə dair protokol imzalanıb.

Tehsil.biz xəbər verir ki, sənədləri Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi imzalayıblar. 

Nümayəndə heyətləri arasında Azərbaycan Universitetində keçirilən görüşdə rektor Səadət Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, keçdiyi inkişaf yolu, tədris olunan ixtisaslar, yetişdirdiyi kadrlar və beynəlxalq əlaqələri, o cümlədən universitetin hədəfləri haqqında məlumat verib.

Rektor bildirib ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən biridir və bu məsələdə Türkiyə universitetləri ilə əlaqələr birinci yerdə durur. 

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov qardaş ölkənin numayəndə heyətinə elmi fəaliyyət haqqında məlumat verib. Prorektor bildirib ki, “tədqiqat universiteti” statusunun alınması  Azərbaycan Universitetinin öncəlikli hədəflərindən biridir və bu istiqamətdə müvafiq işlər görülür.

İndekslənən jurnallarda çap edilən məqalələrin sayına görə Azərbaycan Universiteti respublika universitetləri arasında ikinci yerdədir. Scopus bazasının 2022-ci il üzrə “Scimago Institutions Rankings” hesabatına görə isə, universitet elmi tədqiqat aktivliyi üzrə böyük uğura imza ataraq Q1 kateqoriyası ilə dünya reytinqinə daxil olub və respublika üzrə 3-cü yerdə qərarlaşıb.

Xəbər lenti