Logo

BDU-da Türkiyənin tanınmış şairi Mehmet Nuri Parmaksızla görüş keçirilib - FOTO

02.06.2022 13:20 496 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri Məslək Birliyinin (İLESAM) rəhbəri, tanınmış şair Mehmet Nuri Parmaksızla görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid iki qardaş ölkə arasında ədəbi-mədəni əlaqələrin günbəgün inkişaf etdiyini bildirib. Bir neçə gün əvvəl BDU-da keçirilən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının bu əlaqələrə yeni bir töhfə olduğunu vurğulayıb. Rəşad Məcid şair Mehmet Nuri Parmaksızın yaradıcılığı haqqında görüş iştirakçılarına məlumat verib, ədibin əsərlərindən örnəkləri diqqətə çatdırıb.

Mehmet Nuri Parmaksız görüş iştirakçılarını salamlayaraq, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələrdən bəhs edib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən söz açan Mehmet Nuri Parmaksız Qarabağda gerçəkləşdirilən quruculuq işlərinin mədəni mühitin bərpasını da əhatə etməsindən məmnunluğunu bildirib. Qeyd edib ki, rəhbərlik etdiyi qurum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən həyata keçirilən “Qarabağa kitabla gedək” layihəsinə qoşulub və minlərlə nüsxə kitabı artıq azad Qarabağda yaradılacaq kitabxanaların fonduna hədiyə edib. Mehmet Nuri Parmaksız onunla görüşə şərait yaratdıqlarına görə BDU rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.

Tədbirin sonunda Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələrinin ifasında Mehmet Nuri Parmaksızın şeirləri səsləndirilib.

Xəbər lenti