Logo

7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz işinə başlayıb - FOTOLAR

02.06.2022 16:50 355 baxış
IMG

İyunun 2-də ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz fəaliyyətinə başlayıb.

Tehsil.biz xəbər verir ki, konqresdə elm və təhsil sahəsi üzrə bir çox rəsmilər, türk dövlətlərinin aparıcı universitetlərinin rektorları, nüfuzlu alimlər və digər qonaqlar iştirak edirlər.

Açılış mərasimi Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Mərasimdə açılış nitqi ilə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev konqres iştirakçılarını salamlayaraq tədbirin daha əvvəl İspaniya, Rumıniya, Türkiyə, Qüds, Özbəkistan və Makedoniyada keçirildiyini nəzərə çatdırıb. Rektor konqresdə iştirak etmək üçün 520-dən çox qonağın Bakıya, ADA Universitetinə gəldiyini və 1000-dən çox akademik məruzənin təqdim edildiyini bildirib. 

Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin akademik dairələrimizin birgə fəaliyyətinin daha da gücləndirilməsindəki önəmindən bəhs edərək bildirib ki, Konqresin Qarabağa həsr olunması, Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca vacibdir.

Mərasimdə iştirak edən Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Mustafa Şentop konfransın əhəmiyyətini vurğulayaraq söyləyib ki, tədbir çərçivəsində təxminən 30 il davam edən işğal, verilən şəhidlər, ürək parçalayan Xocalı qətliamına alimlər tərəfindən diqqət çəkiləcək.

Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinin Türkiyə üçün vacibliyini vurğulayan sədr konqresdəki müzakirələrin nəticəsinin kitab şəklində çap olunacağını diqqətə çatdırıb.

Təhsil naziri Emin Əmrullayev çıxışında  Azərbaycan və Türkiyənin təhsil nazirlikləri arasında əməkdaşlığa diqqət çəkərək gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün nəzərdə tutulmuş Dövlət Proqramına toxunub. Dövlət proqramları çərçivəsində gənc istedadların təhsil almaları üçün geniş imkanların təqdim edildiyini vurğulayan nazir Azərbaycandan 20 mindən çox tələbənin Türkiyədə təhsil aldığını və bu il Bakıda Azərbaycan-Türkiyə Universitetinin əsasının qoyulacağını nəzərə çatdırıb.

Sonda çıxış edən Beynəlxalq Balkan Universitetinin rektoru Erol Özvar Türkiyə universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında əlaqələrin inkişafından və perspektivlərdən söhbət açıb.

Qeyd edək ki, iki gün davam edəcək konqres Bakıda panel müzakirələrlə davam edəcək, Şuşada keçiriləcək tədbirlə başa çatacaq. 

Konqres çərçivəsində baş tutacaq panel müzakirələr çərçivəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə regionda yaranan yeni reallıqlar və çağırışlar, geosiyasi vəziyyət və sülh quruculuğu kimi mövzular ətrafında müzakirələr aparılacaq.

Xəbər lenti