Logo

UNEC-in ikili diplom proqramının məzunu ilə MÜSAHİBƏ

11.01.2021 11:06 141 baxış
IMG

Dünyanın aparıcı universitetləri ilə bakalavr və magistr dərəcələri üzrə ikili diplom, mübadilə, birgə (join), eləcə də beynəlxalq proqramlar reallaşdıran UNEC bu istiqamətdə uğurla fəaliyyətini davam etdirir. Hər il onlarla UNEC tələbəsi həmin proqramlarda iştirak edərək, uğurla məzun olurlar.

 

2020/2021-ci tədris ilində UNEC-in London Universiteti/London İqtisadiyyat Məktəbi (LSE) ilə beynəlxalq bakalavr proqramından məzun olan Nəzrin Nəzərova ilə müsahibəni təqdim edirik.

 

-Nəzrin xanım, sizi təbrik edirik, UNEC-in ikili diplom proqramını uğurla bitirdiniz. LSE-nin beynəlxalq proqramına qoşulmaq üçün ən önəmli məqam nə idi və sizə hansı üstünlükləri qazandıracağını düşünürdünüz?

 

-Təşəkkür edirəm. 4 il ərzində dünyanın və ölkənin aparıcı universitetlərinin diplomuna sahib olmaq və bu müddət ərzində iki müxtəlif ixtisasa yiyələnməyin özü böyük şansdır və bu şansı bizə yaratdığı üçün UNEC-ə minnətdaram.

 

UNEC-in Beynəlxalq İqtisad Məktəbində (İSE) “Dünya iqtisadiyyatı” ixtisası üzrə təhsil almışam. LSE-də isə təhsilim “Biznes və menecment” ixtisasi üzrədir. Fikrimcə, iqtisadiyyat ixtisası tələbələrə qloballaşan dünyanın üzləşdiyi bir sıra problemlər və məsələlər barədə daha kreativ və dərindən düşünməyi öyrədir. Biznes və menecment ixtisası isə istər bakalavr, istərsə də magistr dərəcəsində bütün dünyada tələbələr tərəfindən ən çox tələb görən və məşhur ixtisaslardan biri hesab olunur. Biznes və menecment ixtisası geniş spektrlı olmaqla analitik və kritik düşünmə bacarıqlarını inkişaf etməsinə yardım edir və biznesin idarə edilməsi, o cümlədən, maliyyə və iqtisadiyyat kimi bir sıra sosial elmləri özündə cəmləşdirir və onlar haqqında da fundamental biliklər əldə etməyi təmin edir. Düşünürəm ki, hər iki ixtisas bir-bir ilə əlaqəlidir və gələcəkdə hər iki ixtisas karyeramda mühüm rol oynayacaq.

 

LSE sosial elmlər üzrə dünya miqyasında yüksək reputasiyaya sahib olan və dünyanın aparıcı təhsil müəssisələri arasında daima ön sıralarda yer alan universitetdir. Bu səbəbdən həmin universitetdə təhsil almaq bir çox tələbənin arzusudur. LSE-ni və proqramı araşdırdıqda, eləcə də, bu universitetdən məzun olmuş bir çox alimlər, elm adamları, iqtisadçılar, siyasətçilərin siyahısı ilə tanış olduqda həmin proqramda mövcud olan yüksək təhsil standartlarına bir daha əmin oldum və bu proqrama qoşulmaq qərarına gəldim.

 

-UNEC ilə paralel olaraq, LSE-də də təhsil almaq sizə çətin olmadı ki?

 

-Təbii ki, vaxt məhdudiyyəti, adaptasiya və s. ilə bağlı müəyyən çətinliklər oldu və olacağını öncədən təxmin etmişdim. Düşünürəm ki, pessimist insan yaranmış hər bir .imkanda çətinliklər görür, optimist insan isə hər bir çətinlikdə imkanları. Buna görə də bəzən uğursuzluqlar və çətinliklərlə qarşılaşdıqda çalışırdım kı, motivasiyanı itirməyim çünki, çətinlik inkişaf və təkmilləşməyə aparan yoldur.

 

-İSE ilə LSE-nin dərs proqramlarında hansı oxşarlıq və fərqliliklər vardı?

 

-Oxşar cəhətlərinə nüfuzlu xarici univeristetlərdə təhsil almış və müvafiq sahə üzrə yüksək təcrübəsi olan müəllim kollektivini, interaktiv tədris metodlarının tətbiq edilməsini, zəngin onlayn kitabxananı aid etmək olar. Onlayn kitabxana vasitəsilə minlərlə elekton məqalələrə və dərs vəsaitlərinə əlçatanlığın təmin edilməsi mənim üçün önəmli məqamlardan biri idi.

 

Fərqli cəhətlərə gəldikdə isə LSE-də imtahanların il ərzində bir dəfə təşkil olunması və yekun qiymətləndirmənin yalnız imtahanlara əsaslanmasını demək olar. Həmçinin, LSE-də tələbə sayının daha az olması əsas fərqliliklərdən biridir.

 

-Gələcək üçün karyera planlarınız nədir və magistratura təhsili almağı düşünürsünüzmü?

 

-Tərəqqi təhsildən başlayır və insan öz bilik və bacarıqlarını daima təkmilləşdirməli və həyatboyu öyrənməlidir. Bakalavr təhsili ilə yanaşı LSE, Yale kimi aparıcı universitetlərin ixtisasartırma kurslarına iştirak etmişəm. Magistratura təhsili almaq, oxuduğun sahə üzrə ixtisaslaşmaq və eləcə də elmi-pedoqoji fəaliyyətlə məşğul olmaq üçün mütləqdir. Buna görə də, magistr təhsili almaq növbəti illərdə əsas hədəflərimdən biridir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyirəm və düşünürəm ki, ilk öncə müəyyən qədər iş təcrübəsi qazanmaq magistr təhsilimi hansı ixtisas üzrə alacağımda və karyeramı hansı istiqamətdə davam etdirəcəyimdə mühüm rol oynayacaq.

 

Hər bir gənc kimi mənim də karyeramda yüksək pillələrə çatmaq üçün bir çox plan və arzularım var. Ən önəmli məqsədim isə ölkəmizin tərəqqisində, iqtisadi-inkişafında fəal iştirak etmək və daima dövlətimizə layiqli xidmət etməkdir.

Xəbər lenti