“Ulduz" jurnalının may nömrəsi işıq üzü görüb.
Tehsil.biz xəbər verir ki, dərginin sözügedən nömrəsi ilk olaraq Ay Bəniz Əliyarın “Özüylə söhbəti və şeirləri” ilə açılır. Hacı Firudin Qurbansoyun “Gülüş və Sabirin qəhqəhəsi” sərlövhəli yazısında Mirzə Ələkbər Sabir satirasının timsalında bütövlükdə satira və gülüş məfhumu geniş təhlil edilir.
"Şeir vaxtı" rubrikasında Müşfiqə Baləddinqızı, Aypara Ayxan, Mənsur Həsənzadə, Əlirza Həsrət, Fərqanə Yusifqızı, eləcə də Elçin İsgəndərzadənin poeziya nümunələri yer alıb.
Seymur Atilla, Fazil Sənan, Mübariz Cəfərli, Zaur Bayramoğlu, Mahir Rəsuloğlu, İradə Əlili və Aygün Yaşarın fərqli mövzularda qələmə aldıqları hekayə və esseləri "Nəsr" rubrikasını təşkil edir.
Qulu Ağsəsin "Vasif Əlihüseynin özüylə söhbəti" başlıqlı yazısında gənc yazarın bir müddət öncə "Ulduz" jurnalı və "Mücrü" nəşriyyatının ortaq layihəsi çərçivəsində işıq üzü görmüş "Azmış kimi" kitabının ümumi məziyyətlərinə nəzər yetirilir. Dərginin əməkdaşı Hicran Hüseynovanın "Yaddaş kartı" adlı yazısında müəllifin jurnalla və jurnalın keçmiş əməkdaşları ilə bağlı xatirələri yer alıb.
"Qısa fikirlər xəzinəsi" rubrikasında Cəbran Xəlil Cəbran, Tomas Elot, Fridrix Nitsşe, Albert Eynşteyn və başqalarının kəlamlarını oxumaq imkanı əldə edəcəksiniz. Dramaturq Əli Əmirlinin sayca yeddinci ustad dərsinin mövzusu "Tamaşa və tamaşaçı. Dramaturq ustalığı"dır. Gülnar Səmanın "Fərid Hüseyn "Təkrarın tənhalığı"nda" tənqidi yazısı adından göründüyü kimi, Fərid Hüseynin eyniadlı şeirlər kitabına həsr edilib. Taleh Mansurun "Rənglərin taleyi" reportaj-yazısında gənc rəssam Tünzalə Ağabalayevanın həyat və yaradıcılığına işıq tutulur.
"Türk eli" rubrikasında yer alan Ənvər Aykolun hekayələrini Eyvaz Zeynalovun uyğunlaşmasında oxuya biləcəksiniz. Nəhayət, "Dərgidə kitab"da Valeh Qocanın şeirləri, "Dərgidə sərgi" rubrikasında isə gənc rəssam Nəsibə Quliyevanın rəsm əsərləri yer alıb. //Kulis.az