Logo

Son nəfəsdə dostlarından xəyanət gördü, ölümü ailəsində qalmaqal yaratdı, bir ay sonra dəfn olundu – Dahi azərbaycanlının dram dolu həyatı

02.06.2022 21:31 413 baxış
IMG

Bu gün Xalq rəssamı, dünya şöhrətli sənətkar Toğrul Nərimanbəyovun doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. Onun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub. Kiyevdə dərs deyib. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Azərbaycana qayıdıb və Bakıda qubernator kimi fəaliyyət göstərib. Əmirbəy Nərimanbəyov Qarabağın tanınmış bəylərindən sayılıb.

***

Əmirbəyin oğlu Fərman (Toğrulun atası) da Şuşada doğulub. Azərbaycan Xalq Cümnuriyyəti zamanında hökumət ölkənin gələcəyi naminə istedadlı gəncləri xaricə oxumağa göndərəndə Fərman Nərimanbəyov da Avropaya təhsil almağa gedən 40 nəfər arasında idi.

***

O, Tuluza Universitetinin mühəndis – elektrik ixtisasına qəbul olunub. Təhsil aldığı müddətdə fransız dilini öyrənib. Fərman Nərimanbəyov İrma Lya Rude alı dərzi-modelyer xanımla ailə həyatı qurub. Gənc ailə xeyli müddət Fransada yaşayıb. Toğrulun böyük qardaşı Vidadi elə Avropada dünyaya gəlib. Sonra onlar Tuluzadan Paris şəhərinə köçüblər.

1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır. Xanımı və 3 yaşlı oğlu ilə Bakıda yerləşən Fərman Nərimanbəyovun tələbə yoldaşı olmuş elektrikləşmə naziri İslamzadənin köməyilə Mingəçevir SES-də işə düzəlir. Toğrul Nərimanbəyov həmin ərəfədə dünyaya gəlir. Babası Əmirbəy kişi isə dünyasını dəyişir.

***

Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü qara buludlar alır. Toğrulun atası o zaman Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır, onu həbs edib Sibirə sürgünə göndərirlər.

Ardınca 1941-ci ildə Fransa vətəndaşlığından çıxmayan Toğrulun anası İrma Lya Rude Bakıda həbs edilir. Ananı öz balalarından ayırırlar. İrma xanımı Səmərqəndə sürgün edirlər. Toğrulun anası düz 1961-ci ilə qədər sürgündə yaşamağa məcbur olur.

***

Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildən isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənməyə başlayır. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşür.

***

Onun müxtəlif orqanlara etdiyi müraciətləri və gərgin mübarizəsi sayəsində anasına bəraət verirlər və o, Bakıya qayıtmağa müvəffəq olur. Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən vətənə qayıda bilir.

Uşaqlıqdan çəkdiyi əziyyətlər, gördüyü ədalətsizliklər Toğrulun əzmkarlığını daha artırır və o, yaradıcılıq yolunda həmkarlarından fərqlənərək daha irəliyə gedə, zirvələrə qalxa bilir. 30 yaşında əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülür.

***

Rəssamın anası İrma Lya Rude və qardaşı Vidadi Nərimanbəyov dünyasını dəyişəndən sonra Bakıda, Yasamal qəbiristanlığında dəfn olunur.

***

Toğrul Nərimanbəyov iki dəfə ailə qurub. Onun birinci arvadı 1922-ci il doğumlu heykəltəraş Elmira Hüseynova olub. Bu evlilikdən Toğrul Nərimanbəyovun Əsmər adlı bir qızı dünyaya gəlib. Elmira Hüseynova 23 yanvar 1995-ci ildə dünyasını dəyişir.

Görkəmli rəssam sonradan ikinci dəfə musiqiçi Sevil Nəcəfzadə ilə ailə həyatır qurur. Bu evlilikdən rəssamın bir oğlu doğulub Fransua Nərimanbəyov. Oğlu Fransua atasının yolunu davam etdirərək rəssamlıqla məşğul olur.

***

Toğrul Nərimanbəyov təkcə rəssam deyildi, həm də opera ifaçısı idi. Onun gözəl bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkarlıqla ifa edirdi. Elə həyat yoldaşı Sevil Nəcəfzadə T. Nərimanbəyovun konsertlərinin əsas təşkilatçısı olub. Bununla yanaşı, Sevil xanım həm də ərinin sərgilərini təşkil edib.

***

Rəssamın tələbəsi Fikrət Məmmdov müəllimi haqqında deyir: “Yoldaşı çox qısqanc idi. Bir-birilərini çox sevirdilər. Hərdən elə olurdu ki, mən belə zəng edəndə, mənimlə görüşməyə icazə vermirdi. İstəyirdi ki, daha çox onunla vaxt keçirsin. Bəzən onu yaradıcılığına belə qısqanardı. Çünki o, daim yaradıcılıqla məşğul olurdu, hətta son günlərinə qədər. Bundan başqa Səttar Bəhlulzadə ilə Toğrul çox yaxın idilər. O vaxt onlar filarmoniya ilə üzbəüz binada qalırdılar. Tez-tez görüşürdük, dərdləşirdik. Səttar Bəhlulzadə Toğrulun əsərlərinə olan heyrətini heç vaxt gizlətmirdi. O deyirdi: "Toğrulun əsərləri bərəkətli bir süfrəni xatırladır. Bu süfrədə hər cür nemət var. Özü də bu, doğma Azərbaycan torpağının nemətləridir! Toğrulun əsərlərindən torpağımızın ətri gəlir..."

2001-ci ildə Parisdəki qalereya ilə bağladığı müqaviləyə görə, o, ilin yarısını burada, yarısını orada çalışır. Sonra isə birdəfəlik Parisə köçür.

***

Rəssam televiziya çıxışlarının birində etiraf etmişdi: "Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, ifa olunarkən gözlərimdən yaş axır.

***

T.Nərimanbəyov Abdulla Şaiq adına Dövlət Kukla Teatrının, Milli Məclisin binasının və keçmiş "Moskva" mehmanxanasının foyelərini misilsiz sənət inciləri ilə bəzəyib.

2000-ci ilin avqustunda T. Nərimanbəyov Azərbaycanın “İstiqlal” ordeni, 2010-cu ilin avqustunda isə “Şərəf” ordeni ilə təltif edilib.

***

Rəssamın ürəyində ciddi problem olub. Və deyilənlərə görə ömrünün son illərində dostlarından ağır zərbələr alıb. Duz-çörək kəsdiyi, bu gün də sağ olan insanlar onun əsərləri haqqında yalan söz-söhbətlər danışır, onun paxıllığını çəkirlər. Bu kimi səbəblərdən rəssam onlardan küskün gedir.

Ölümündən iki ay qabaq ürəyindən cərrahiyyə əməliyyatı keçirir. Dahi rəssam 2 iyun 2013-cü ildə Parisdəki Jorj Pompido adına hospitalda vəfat edir.

***

Ölümündən sonra meyiti 20 gün Parisdəki morqda qalan Toğrul Nərimanbəyovun həyat yoldaşı Sevil Nəcəfzadə ilə qızı Əsmər Nərimanbəyova arasında baş verən dəfn qalmaqalı məhkəməyə qədər gedib çıxır. Rəssamın qızı atasının Bakıda dəfn edilməyini arzulasa da, xanımı onun Parisdə dəfn olunmasını tələb edir. Fransa məhkəməsi Xalq rəssamının həyat yoldaşının istədiyi kimi Parisdə dəfn edilməsinə qərar verir.
***

Rəssasmın qərardan narazı qalan qızı Əsmər Nərimanbəyova mətbuata açıqlamasında deyib: "Atamın həyat yoldaşının arzusuna əsasən Toğrul Nərimanbəyovun meyiti yandırılacaq və külü torpağa tapşırılacaq. O məhkəmədə bildirib ki, atam müsəlman deyil, katolikdir və yandırılaraq, katolik kimi dəfn olunmalıdır. Lakin bu həqiqət deyil, atam müsəlmandır."

Beləliklə iyunun 2-də Fransada vəfat edən Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov ölümündən 31 gün sonra nəhayət ki, 3 iyul 2013-cü il axşam saat 18.00-da Parisin Passi məzarlığında dəfn edilir.

***

Atası dünyasını dəyişəndən sonra qızı Əsmər Nərimanbəyova mətbuata açıqlama verərək atasının mirası ilə bağlı deyir:
“Atam Fransada kirayədə qalırdı. Ona görə də Parisdə heç bir mülkü yoxdur. Amma onun işləri, bütün tabloları buradadır. Məhkəmədən sonra onun mirasının yarısı, ya da 25%-i mənə qalmalıdır. İstəyirəm ki, həmin tablolar Azərbaycanda da nümayiş olunsun, sərgi təşkil edilsin. İstəməzdim ki, onun əsərlərinin hamısı Fransada qalsın. Bilirəm ki, dəfndən sonra onun həyat yoldaşı Sevil xanım həmin əsərləri satacaq, heç bilməyəcəyik ki, onlarla kim nə edəcək. Həmin əsərlərin yarısının Bakıya gətirilməsini istəyirəm. Mən bilirəm ki, atamın arzusu idi ki, balaca da olsa emalatxanası olsun, tələbələr gəlsin ora. Amma son vaxtlar həyat yoldaşı heç kəsi evinə buraxmırdı. Təkcə alıcılar gələ bilərdi. Kim ki, tablo almaq istəyirdi, onları içəri buraxırdı”.

Xəbər lenti