Logo

Selcuk Bayraktarı təəccübləndirən BDU tələbəsi: “Onunla bir də görüşsəm, əlini sıxıb təşəkkür edəcəm”

03.06.2022 10:32 465 baxış
IMG

Azərbaycanda keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında çıxış edən “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktar “TEKNOFEST niyə təşkil olunur?” sualına cavab olaraq azərbaycanlı tələbənin fikrindən sitat gətirib.

O, "Əlbəttə, dünya türkün gücünü görsün və yerini bilsin" deyə qeyd edib.

Gündəmi zəbt edən cavabın sahibi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbəsi Züleyxa Ağaməliyeva Selçuk Bayraktarla necə həmsöhbət olduğunu, keçirdiyi hissləri bölüşüb:

- Selcuk Bayraktarla qarşılaşma anınız necə oldu? Onunla söhbətinizi necə xatırlayırsız?

- Media könüllüsü kimi mayın 26-da festivala mən də qatıldım. Orada Selcuk Bayraktarla qarşılaşdım. Yaxınlaşıb şəkil çəkdirmək üçün icazə istədim. O da nəzakətlə razı oldu. Bir neçə dəqiqə söhbət etdik. Sonda o, anidən mənə “Səncə, TEKNOFEST niyə təşkil olunur?” sualını ünvanladı. Mən də cavabında "Əlbəttə, dünya türkün gücünü görsün və yerini bilsin" dedim, o isə məni alqışlayaraq təşəkkür etdi.

- Bu festival sizin üçün başqa nələri ifadə edir?

- Düşünürəm ki, festivalın keçirilməsi ölkəmiz, əsas da gənclər üçün qürur mənbəyidir. Onlar burada yeni texnologiyalarla tanış oldular və maarifləndilər. Milli texnologiyaların təbliği çox böyük addımdır. Həqiqətən də möhtəşəm bir təşəbbüsdür.

- Selcuk bəyin nitqi zamanı sizin sözlərinizi vurğulamasını ilk eşitdiyiniz zaman təəssüratlarınız necə oldu?

- Selcuk Bayraktarın çıxışında sözlərimi vurğulaması məndə qürur hissi oyatdı. Həmin an tutulub qaldım, gözlərim doldu... Düşünürəm ki, gənclərin səsi həmişə dinlənilməlidir. Mənim səsimi duyduğu və öz nitqində bunu xüsusi olaraq vurğuladığı üçün Selcuk bəyə öz dərin təşəkkürlərimi bildirirəm. Gələcəkdə Selcuk Bayraktarla bir də görüşmək imkanı əldə etsəm, şəxsən əlini sıxıb, təşəkkür edəcəm.

- Dostlarınız və yaxınlarınızın reaksiyası necə oldu?

-Dostlarım, yaxınlarım ən azı mənim qədər qürur hissi keçirdilər. Hətta Selcuk bəyin nitqini paylaşaraq mənimlə qürur duyduqlarını, sevinclərini bölüşdülər. Əlbəttə ki, bu da mənə çox yaxşı təsir etdi.

Xəbər lenti