Logo

BANM, “Maire Tecnimont” və Roma Campus Bio-Medico Universiteti arasında üçtərəfli Memorandum imzalanıb

03.06.2022 10:47 313 baxış
IMG

Bakı Ali Neft Məktəbi (BANM), ”Maire Tecnimont Group” (MT), eləcə də Roma Campus Bio-Medico Universiteti (UCBM) arasında əməkdaşlığı əks etdirən üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Tehsil.biz xəbər verir ki, memorandumun məqsədi Ali Məktəblə ” Maire Tecnimont Group” və Roma Campus Bio-Medico Universiteti arasında təhsil yönümlü, elmi və mədəni fəaliyyətləri dəstəkləyərək beynəlxalq əməkdaşlığı, mədəniyyətlərarası inteqrasiyanı və dostluq münasibətlərini təşviq etməkdir. Əməkdaşlıq çərçivəsində seminar və akademik görüşlərin təşkili, tədris vəsaitləri və digər informasiya materiallarının mübadiləsi, tələbə və professor-müəllim heyətinin mübadiləsi, yay məktəbləri və xüsusi qısa müddətli akademik proqramların həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda birgə elmi-tədqiqat fəaliyyətlərin reallaşdırılması planlaşdırılır.

Qonaqları salamlayan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbdə yaradılan Polimer laboratoriyasına görə “Maire Tecnimont Group”un vitse-prezidenti Gianni Bardazziyə təşəkkür edib. Rektor vurğulayıb ki, bu gün Azərbaycan və İtaliya arasında müxtəlif sahələrdə yüksək səviyyəli münasibətlər mövcuddur: “Bu çərçivədə “Maire Tecnimont Group”la BANM-in uğurlu əməkdaşlığı daha da genişlənir. Biz bundan məmnunuq”.

Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu deyən Gianni Bardazzi rektor Elmar Qasımovla alternativ enerji istiqamətində müzakirələr aparıblar. Vitse-prezident BANM-də enerji keçidi mövzusunda tədris proqramları ilə bağlı təkliflər verib.

Qeyd edək ki, İtaliyanın ”Maire Tecnimont” şirkətlər qrupu mühəndislik, texnologiya və enerji sektorlarında çox sayda əməliyyat şirkəti olan aparıcı qurumdur. Neft və qaz, kimyəvi və neft kimyası, yaşıl kimya və enerji keçidini dəstəkləyən texnologiya sahələrində bitki mühəndisliyi ilə məşğul olur.

Xəbər lenti