Logo

BDU-da “Gələcəyini qur!” layihəsinin iştirakçıları ilə görüş keçirilib

03.06.2022 11:34 331 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) “Gələcəyini qur!" gəncliyə dəstək layihəsində iştirak edən XI sinif şagirdləri ilə görüş təşkil olunub.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə açan BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov şagirdlərə Universitetin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib, ali məktəblərin tanıdılması baxımından layihənin əhəmiyyətini vurğulayıb.

Daha sonra tədbirdə spiker qismində layihənin hökümət və ictimaiyyətlə əlaqələr üzrə direktoru (GL Ltd) Aybəniz İsmayılova və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini Anar Məmmədov çıxış ediblər. Spikerlər öz təcrübələrini bölüşüb, peşəkar mütəxəssis kimi formalaşmaq üçün abituriyentlərə tövsiyələr veriblər.

Tədbirdə həmçinin müxtəlif illərdə “Gələcəyini qur!” layihəsindən faydalanan, hazırda isə BDU-nun Hüquqşünaslıq, Kompüter elmləri, Dövlət və ictimai münasibətlər, Sosial iş, Jurnalistika və digər ixtisaslarında təhsil alan gənclər də iştirak edib, məktəbliləri özlərinin tələbə həyatları haqqında məlumatlandırıblar. Daha sonra şagirdlər BDU-nun ərazisini gəziblər.

Qeyd edək ki, “Gələcəyini qur!” gəncliyə dəstək layihəsi Təhsil Nazirliyinin və müxtəlif sponsor şirkətlərin dəstəyi ilə 2014-cü ildən fəaliyyət göstərir.

Xəbər lenti