Türkiyənin Akdeniz Universitetinin Antalya Dövlət Konservatoriyasının tələbəsi Cansu Sara Takmaz səkkiz illik skripka təhsili ilə 21 uğurlu nailiyyətə imza atıb. Qardaş ölkənin gənclərinin qazandığı uğurlar bizi də sevindirir. Bu uğurlara gedən yolda isə ona dəstək olan müəllimi əslən azərbaycanlı olan Gülcihan Babayeva Solak olub.
Tələbəsi altı ayda ard-arda qatıldığı musiqi müsabiqələrinin onunda birinci yerə, üçündə ikinci yerə, ikisində isə üçüncü yerə çıxıb. Bu nailiyyətlər onun adını “Ginnesin Rekordlar Kitabı”na yazdırmasına səbəb olub. Maraqlı məqamlardan biri də budur ki, Cansu uzun müddət müəllimi ilə danışmayıb.
Oxu.Az-ın əməkdaşı “Ginnesin Rekordlar Kitabı”na düşən tələbənin azərbaycanlı müəllimi Gülcihan Babayeva Solakla həmsöhbət olub.
Gülcihan Babayeva Solak 1989-cu ildə Azərbaycanın paytaxtında anadan olub. Musiqiçi ailəsində doğulması onun bu sahəyə marağına təkan verib.
- Musiqi təhsilinizi Türkiyədə davam etdirmisiniz, yoxsa necə?
- Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışam. Musiqiçi ailəsində anadan olmuşam - atam saksofon, anam isə skripka ifaçısıdır. İbtidai təhsil aldığım dövrdə ailəmə Türkiyədən çox gözəl iş təklifi gəldi. Həmin dönəmdə də ailəmin Türkiyənin Ankara şəhərindəki Çukurova simfonik orkestrində işləməsi ilə əlaqədar Vətəndən köçdük.
Bakalavr təhsilimi Çukurova Universiteti Dövlət Konservatoriyası, magistratura təhsilimi isə “Dokuz Eylül Güzel Sanatlar” Universitetində almışam.
- Təhsiliniz bitdikdən sonra da Ankarada qaldınız?
- Təhsilimi bitirdikdən sonra Antalya Dövlət Simfonik Orkestrində işləməyə başladım. Bir müddət sonra, daha dəqiq desəm, 2014-cü ildə Akdeniz Universiteti Antalya Dövlət Konservatoriyasında təhsil üzrə mütəxəssis kimi işləməyə başladım. Hazırda da pedaqoji fəaliyyətimi orada davam etdirirəm.
- Sizin tələbələrinizdən biri “Ginnesin Rekordlar Kitabı”na düşüb. Cansu Sara Takmaz adlı həmin tələbənizlə necə tanış oldunuz?
- Cansu Sara Takmaz mənim ilk tələbələrimdən biridir. İnanın ki, mən bu gün də Cansunun o dövrlərdə mənimlə nə üçün danışmadığını bilmirəm. Amma düşünürəm ki, bu, mənimlə əlaqəli deyildir.
Çünki həmin dövrlərdə Cansu ümumiyyətlə kimsə ilə danışmır, ünsiyyət qurmurdu. Bu səbəbdən mən də onu danışmağa məcbur etmirdim, təzyiq göstərmirdim.
Amma davranışlarından, dərslərə münasibətindən onun məni sevdiyini hər zaman hiss edirdim. Önəmli olan - Cansunun mənim dediklərimi anlaması və yerinə yetirməsi idi.
- Bəs nə zaman sizinlə danışmağa başladı?
- Bizim müəllim-tələbə münasibətlərimizin ikinci ilində Cansu yavaş-yavaş mənimlə dialoq qurmağa başladı. Bu məni çox sevindirirdi.
- Hazırda Türkiyədə qazandığınız uğurlardan bəhs edin.
- Mən hər zaman tələbələrimin qazandığı uğurlara sevinmişəm. Bu gün Türkiyədə ən böyük uğurlarım tələbələrimin müxtəlif yarışlarda qalib olması, eləcə də məhz Cansunun “Ginnesin Rekordlar Kitabı”na düşməsidir.
- Azərbaycana gəlməyi düşünürsünüzmü?
- Azərbaycana hər zaman gəlirəm. Ailəm orada yaşayır deyə tez-tez ziyarət edirəm. Vətənimə yaşamaq üçün geri qayıtmağıma dair sualı isə belə cavablandırım: Mən çox istərdim, amma gərək işlərim və digər bütün cəhətlərdən uyğun şərtlər olsun. Çünki uzun illərdir burada musiqi sənəti ilə müəyyən həyat tərzi qurmuşam.
- Tələbələriniz arasında azərbaycanlılar varmı?
- Azərbaycanlı tələbələrlə işləmək istəyirəm. Çünki Vətənimi çox sevirəm və musiqi sahəsində qazandığım bütün bilikləri gənclərimizə faydalı olmaq üçün istifadə etmək istəyərəm.
- Özünüz necə, Ginnesin rekordlarından hər-hansı birini qırmağı düşünürsünüzmü?
- Hələ ki bu barədə heç nə düşünmürəm. Ginnesin rekordları barədə konkret bir düşüncəm və ya məqsədim olmayıb. Bunu zaman göstərər.