Logo

Mircavadın səssiz-səmirsiz ölən həyat yoldaşı – Mirmehdi Ağaoğlu yazır...

03.06.2022 15:31 388 baxış
IMG

Daha doğrusu təxminən 7-8 ay əvvəl vəfat edibmiş, mən gec xəbər tutmuşam.

Xəbəri eşidəndə dostlarıma-doğmalarıma qarşı həmişəki biganəliyimə-səhlənkarlığıma görə özümü qınadım. Axı mən niyə bu müddət ərzində zəng edib onun halını soruşmurdum ki, indi də yad adamlar kimi təsadüf nəticəsində ölüm xəbərini öyrənirdim?

Özü də xəstə olduğunu, əllərindən-ayaqlarından şikayət etdiyini, demək olar ki, yeriyə bilmədiyini axırıncı dəfə danışanda da demişdi. Halbuki dəfələrlə zəng edib əhvalını soruşmaq istəmişdim. Sadəcə zəng vurmağa tərəddüd edirdim. Üstəlik ötən ilin avqust ayından sonra zəng etmək üçün ikinci bir səbəbim də yaranmışdı. Zəng vurub yeni doğulan oğlumun adını ərinin şərəfinə Mircavad qoyduğumu demək istəyirdim.

Ancaq Lyuba (xanım xitabından xoşu gəlməzdi) bir qədər qeyri-standart adam idi, qaydaları, qəlibləri sevməzdi, gözlənilməzdi, sözü birbaşa deyəndi. Bilmirdim bu qərarıma sevinərdi, yoxsa acığı tutardı. Bunun üçün də zəng vurmağı bir qədər gecikdirirdim.

Amma Mircavadın adını oğluma verməyimə acığı tutacağını da unamırdım. Əksinə bu ehtiramıma sevinərdi.

Axırı tilsimi qırıb bu yaxında ona zəng vurdum. Ancaq nömrəni yad adam götürdü və Lyubanı tanımadığını dedi... Elə ondan sonra da maraqlandım və bu kədərli xəbəri öyrəndim. Ki, səssiz-səmirsiz köçüb gedib bu dünyadan...

Lyuba ilə 2018-ci ildə, aktyor Elmin Bədəlovun vasitəsilə tanış olmuşdum. Elmin sağ olsun, Lyubanı dilə tutandan sonra müsahibə verməyə razılaşmışdı. Ona qədər isə bütün cəhdlərim boşa çıxmışdı. Beləcə ünsiyyətimiz yaranmışdı, sonra bir neçə dəfə də evində qonaq olmuşduq, bizim üçün gürzə bişirtdirmişdi. Daha əlləri işə yatmadığından xörəyi özü bişirmədiyinə görə də üzrhaqlıq eləmişdi. Milliyyətcə rus olmağına baxmayaraq Lyuba Azərbaycan, xüsusilə də Abşeron yeməklərini çox sevirdi. Zənnimcə əksər xüsusiyyətləri kimi bu məhəbbət də ona ərindən keçmişdi. Çünki Lyuba Mircavadın sevdiyi hər şeyi sevir, sevmədiklərinə nifrət edirdi. Maraqlı idi ki, bu dönməzlik ərinin vəfatından illər keçəndən sonra da tükənməmiş, əksinə rişə atıb daha da möhkəmlənmişdi. O səbəbdən idi ki, Lyuba ahıl çağında da çılğınlığını qoruyur, adətən bu yaşda adamların hər şeylə barışdığı dövrdə o sarsılmaz barışmazlıq nümayiş etdirir, status-kvoya, sistemə qarşı dönməzliyini ziyadəsiylə göstərirdi. Əvvəlcə müsahibəyə razılıq verməməsi də bu dönməzliyinin bir nümunəsi idi. Elə bilmişdi, ütülü, tərif dolu bir söhbət istəyəcəm ondan.

Lyuba ilə həmin müsahibə yadımdadır. Mən ona rahat olsun deyə, rusca danışmasını istəsəm də etiraz etmişdi, düzdü, aksent hiss olunsa da elə azərbaycanca, yüngül Bakı ləhcəsiylə danışmışdı müsahibə boyu. Hə, ərindən ona bir də Azərbaycan sevgisi keçmişdi, Azərbaycan mədəniyyətini, ədəbiyyatını o qədər mənimsəmişdi ki, rusluğundan əsər-əlamət qalmamışdı.

Mircavad haqqında sözlər su kimi axıb tökülmüşdü ağzından, o qədər coşqun danışmışdı ki, fikirlərini kəsib sual vermək istəməmişdim. Onun üçün də həmin müsahibəni Lyubanın dilindən, uzun bir monoloq kimi yazmışdım. Düzdür, Lyubanın dedikləri bəzi məqamları həmin müsahibəyə salmamışdım, heç o özü də əriylə bağlı bəzi səmimi, intim məqamların faş olmasını istəmədi. Lakin həmin məqamlar yaddaşımda öz təravətini qoruyub saxlayıb, yəqin nə vaxtsa hansısa yazıda özünü büruzə verəcək.

Müsahibə çıxandan sonra da Lyuba çox bəyənmişdi. Onun üçün də mənə portretlərindən birini hədiyyə eləmişdi. Altında da imzası – Rübabə. Bu adı ona Mircavad vermişdi. Əsərlərinin altına bu imzanı qoyurdu.

Lyuba Mircavadla tanış olana qədər də üsyankar idi. Ona bu üsyankarlığı atasından keçmişdi. Dediyinə görə atası Sovet hökumətini sevməyən, ona qarşı çıxan adam idi. Qızını da bu ruhda böyütmüşdü. Bəlkə elə Rəssamlar İttifaqında Mircavadın adını eşidəndən sonra onu axtarıb tapmaq istəyi də bu üsyankarlıq, asilik ruhundan doğulmuşdu.

Onda Lyubanın 16 yaşı olarmış. Rəssamlıqla maraqlanan qızcığaz ittifaqdakı tədbirlərdən birində eşidir ki, Mircavad adlı bir rəssam var, guşənişin olub çəkilib Buzovnanın kimsəsiz bağlarından birinə. Orada Sovet ideologiyasına uyğun gəlməyən, onun siyasətini, idillik kolxoz-sovxoz-zavod-fabrik həyatını təsvir etməyən, modernist Avropa rəssamlarının keçdikləri forma və cərəyanları özündə birləşdirən, miflərə söykənən tamam ayrı cür əsərlər yaradır. Abşeronun çöllərini, Qobustanı gəzib qədim Azərbaycanın təsviri sənətə aid irsini toplayır, divlərlə, ifritlərlə, cinlərlə qaynayıb-qarışaraq ilk baxışdan adamı vahiməyə salan, lakin al-əlvən, rəngarəng boya palitrası ilə tablonun qaranlıq bağrında Tanrı kimi işıqlı, al-əlvan dünya yaradaraq izləyicini sehrli nağıllar aləminə aparan əsərlər yaradır. Hələ bunlar azmış ki, sementdən, qumdan, dəmirdən, bitumdan istifadə edərək, bir qədər də Pasxa adasının insanabənzər fiqurlarını andıran, yerdən çıxmış kimi görünən nəhəng heykəllər yaradır.

Bu arayışdan sonra qızcığaz qərara gəlir ki, nəyin bahasına olursa-olsun gedib Mircavadı tapacaq. Dövrün rəssamlarının bir-birinə bənzəyən “trafaret” əsərlərindən fərqlənən tablolarını öz gözlərilə görəcək.

Və gəlib çıxır Sabunçuya. Orada karxanadan daş daşıyan yük maşınlarına qoşulub yollanır Buzovnaya.

Lyuba Mircavadı yuxularında gördüyü kimi, dəniz qırağında tapır. Beləcə heç vaxt sonlanmayacaq böyük qovuşma baş tutur, aralarında alovlu məhəbbət yaranır və bir müddət sonra izdivacla möhürlənir.

Lyubaya atasından irsən keçən üsyankarlığın üzərinə sonradan Mircavaddan öyrəndikləri əlavə oldu.

Mircavad heç vaxt sistemə boyun əymədi, Sovet İttifaqının rəsmi ideologiyasına tabe olmadı, ona nifrətlə yaşadı. Bu nifrətindən dolayı, yaradıcılığını çox sevdiyi Nazim Hikmət Bakıya gələndə onunla görüşdən imtina elədi, onun SSRİ-yə sığınmağını qəbul etmədiyi üçün.

Mircavad 1970-ci illərin axırına qədər Rəssamlar İttifaqına da üzv olmadı, öz yolunu tutub getdi. Azərbaycan rəngkarlığında özünün Abşeron məktəbini, davamçılarını yaratdı. Ancaq bütün bunlar ona min bir məhrumiyyət, aclıq, yoxsulluq bahasına başa gəldisə də bu yolda onu Lyuba heç vaxt tək qoymadı. Katoliklərin kəbinkəsmə mərasimində bəylə-gəlinin təkrar etdiyi vədi hərfi-hərfinə yaşadı: yoxsulluqda da, xəstəlikdə də onu tərk etmədi.

Hətta Mircavad Danimarkadakı sərgidən qayıdan zaman, qədim dərvişlər sayaq səfərdə öləndə yanında yenə Lyubaydı.

Baxmayaraq ki, aralarında 27 il yaş fərqi vardı, ancaq Lyuba bir sənətkar qadını kimi ona hər zaman dəstək oldu. Heç kəs Mircavadı başa düşməyəndə onu yalnız Lyuba anladı. Onun çörək qazanmaq naminə ideyalarından vaz keçməsinə razı olmadı. Məcbur etmədi ki, gedib kiməsə yaltaqlansın, boyun əysin. Tanıdığı-bildiyi, vurulduğu Mircavadın Mircavad kimi qalması üçün var qüvvəsi ilə çalışdı.

Bunun üçün ikinci övlad dünyaya gətirməkdən saqındı. Qorxdu ki, ailənin dolanışığı Mircavadı yolundan sapdırar. Bunları Lyuba özü etiraf etmişdi mənə, hətta zarafatından da qalmamış, Sovetlərin hamiləlik əleyhinə istehsal etdiyi vasitələri də ələ salıb gülmüşdü.

Lyuba Mircavadla birlikdə intihar etməyə belə hazır idi. Bunu da özü danışmışdı mənə. Deyirdi evdə bir qəpik də pul qalmayıbmış. Nəinki, kətan, boya almağa, heç çörək almağa belə qara qəpik yoxmuş. Mircavad çıxılmazlıqdan intihar etmək qərarına gəlir, Lyuba onu çəkindirir, deyir sən özünü öldürsən mən də öldürəcəm, qoy oğlumuz kimsəsiz böyüsün. Beləcə ərini sakitləşdirir. Bu vaxt televizorda məşhur sovet yazıçısı Çingiz Aytmatovun Bakıda olması xəbəri verilir. Mircavad da Çingizin yaradıcılığını qədim türk miflərinə, əfsanələrinə söykəndiyi üçün bəyənirmiş. Qərara alırlar ki, onunla görüşsünlər. Və Mircavad əsərlərinin surətini götürüb Lyuba ilə birlikdə onun görüşünə gedir.

Çingiz Mircavadın əsərlərini görüb valeh olur. Bir müddət sonra Moskvada onun sərgisinin keçirilməsini təşkil edir. Bir qədər yenidənqurma mühitinin, bir az da Çingizin nüfuzunun təsiri ilə Mircavadın üzünə illərdi bağlı qalan qapılar taybatay açılır. Şöhrəti dünyaya yayılır, sərgiləri təşkil olunur. Çingizin də vasitəsilə əsərləri məşhurların, o cümlədən Qabriel Qarsiya Markesin, Artur Miller kimi yazıçıların evlərini bəzəməyə başlayır. Mircavad haqqında sənədli filmlər hazırlanır...

Lakin bu gecikmiş şöhrət Mircavada lazım idimi? Xəstəlik şöhrətdən qabaq ayaq açmışdı onların yoxsul daxmasına, gözünün işığı çəkilmiş, psixologiyası pozulmuş, ürəyi zəifləmişdi.

Bunlar hamısı Mircavadın yazdığı, daha doğrusu Lyubanın əməyinin də cümlələr arasına hopması açıq-açığına hiss olunan, tərtibatına 5 il vaxt sərf etdiyi “Aytokua” adlı kitabda qeyd edilib. Nədən ki, Lyuba Mircavadın hətta uşaqlığı ilə bağlı (kitabda da yer alan) xatirələrini, hər bir detalını elə şövqlə, coşqun danışırdı ki, sanırdın bütün bunlar Lyubanın özünün başına gəlib.

“Aytokua” avtobioqrafik əsəri Mircavad dünyasını, onun şəxsiyyətini anlamaq üçün misilsiz əsərdir. Həmin əsərdə Mircavad deyir: necə ki, su ilə dolu stəkanın içinə bir damcı nəcis düşəndə o, içilməz olur, sənətkar xarakteri də bu cürdür. Özünü mütləq qorumalıdır! Səhv etmirəmsə “Aytokua”ın bir hissəsi doxsanıncı illərdə Səfər Alışarlının tərcüməsində çevrilib. Onu tam şəkildə çap etmək çox gözəl təşəbbüs olardı.

Lyubanın mənzili başdan-başa Mircavadın xatirələri ilə doluydu. Evin bütün divarları Mircavadın irihəcmli əsərləri idi, bu heç. Amma Lyuba ona aid ən xırda əşyaları, xatirələri belə saxlamışdı. Mənzil elə bilirdin muzeydir. Mircavadın nimdaş geyimləri, köhnə ayaqqabısı, rəsm çəkən zaman əlinin boyasını yaxdığı Sovetskidəki köhnə evinin divarının bir parçası, taxta qapısı, fotolar, yazılar, məktublar, kitablar. Lyuba Mircavada aid hər şeyi saxlamışdı.

Lyubanın yoxluğunda görəsən Mircavadın əmanətlərinin axırı nə olacaq? İtib batacaqmı, yoxsa böyük rəssamın ev muzeyi yaradılıb orada gələcək üçün mühafizə ediləcək? Bu suallar hələ ki, cavabsızdır.

Mircavad 1992-ci ildə vəfat elədi. Mən Lyubanı tanıyanda tək qalırdı. Deyəsən yeganə övladları Xəzri də uzun illərdi Danimarkada məskən salmışdı. Amma Lyubaya tək demək olmazdı. Bütün əşyaları ilə Mircavadı xatırladan mənzilin divarları arasında Lyuba ruhən də onunla idi. Özünün dediyi kimi hərdən onunla danışırdı da.

Hər sənətkara Mircavad kimi ömrünün axırına qədər qətiyyət göstərib güzəştsiz yaşamaq nəsib olmur. Mircavad Mircavadov yaradıcılığının dərinliyi, novatorluğu ilə yanaşı, həm də bu xüsusiyyəti ilə böyük idi. Çingiz Aytamovla söhbətlərindən birində qırğız yazıçı ona irad tutur ki, niyə elə eləmirsən ki, həm hökumətlə münasibətlərin normal getsin, həm də işlərin qaydasında olsun? Mircavadın cavabına baxın: “Mən guya axmağam, məgər bunu bilmirəm? Sadəcə həyat prinsiplərim sənin kimi yaşamağa imkan vermir”.

Mənə elə gəlir ki, Mircavadın belə dönməz, mətanətli, ideyalarasadiq yaşamasında onun ömür-gün yoldaşı Lyubanın danılmaz xidmətləri olmuşdu. Onun sayəsində Mircavad bu dönməzliyi, mətanəti, prinsipiallığı ömrünün axırına qədər qoruyub saxlaya bilmişdi. Birinci evliliyində yaşadığı məyusluğu ikincidə yaşamamışdı. Hər sənətkara belə qadın, həyat yoldaşı nəsib olmur və Lyubov-Rübabə Mircavadova da belə müstəsna qadınlardan idi.

Xəbər lenti