Logo

Polşa parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri BSU-da olub

04.06.2022 12:39 281 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yoanna Lixotskanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə Milli Məclisin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səttar Möhbalıyev və Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova da iştirak ediblər.  

Rektor A.Nağıyev universitetin mövcud təhsil proqramları haqqında danışıb, təhsil, tərcümə, filologiya, beynəlxalq münasibətlər və regionşünaslıq, jurnalistika və digər istiqamətlər üzrə ixtisasların olduğunu deyib. Bildirib ki, Polşa, Bolqarıstan, Çexiya, Yunanıstan, Ukrayna, Rusiya və digər ölkələr üzrə regionşünaslıq ixtisasında həmin ölkələrin həm dili, həm tarixi və coğrafiyası, həm də ədəbiyyatı və mədəniyyəti tədris olunur. Polşanın Azərbaycandakı və Azərbaycanın Polşadakı səfirliklərinə öz təşəkkürünü ifadə edən A.Nağıyev BSU-nun Polyak dili və Mədəniyyəti Mərkəzinə Polşanın Bakıdakı səfirliyinin hər zaman dəstəyinin olduğunu deyib. Qeyd edib ki, Polşa səfirliyi ilə birgə əməkdaşlığın nəticəsində BSU-nun tələbələri və məzunları polşaşünas olmaqla yanaşı, xüsusən dil bilikləri üzrə ixtisaslaşıblar. A.Nağıyev BSU-nun qarşısında duran əsas məqsədlərdən birinin yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması  olduğunu bildirib. BSU-nun polşaşünaslıq, o cümlədən slavyanşünaslıqla bağlı  layihələrdə maraqlı olduğunu söyləyən rektor universitetin regionda bu istiqamət üzrə ən böyük və yeganə ali məktəb olduğunu deyib. Ali məktəbin polyak dili üzrə  sertifikasiya mərkəzinə çevrilməsinin mümkünlüyünü qeyd edən A.Nağıyev slavyanşünaslıq üzrə təhsil proqramları təklif etdiyini diqqətə çatdırıb:”Biz Polşa universitetləri üçün Mərkəzi Asiyaya və daha geniş regiona çıxış rolunu oynaya bilərik”.

Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yoanna Lixotska hazırda 1700 azərbaycanlı tələbənin Polşa universitetlərində təhsil aldığını və bunun sevindirici hal olduğunu deyib. O əlaqələrimizin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan-Polşa elmi əlaqələrinin inkişafı, birgə elmi tədqiqatların aparılması, birgə konfransların təşkili və məqalələrin dərci ilə bağlı təkliflərini səsləndirib.

Görüşdə univertsitetlərarası əməkdaşlıq, ikili diplom məsələləri, polyak tələbələrin Azərbaycanda təhsil almaları üçün imkanlar, müəllim-tədqiqatçı və tələbə mübadiləsi, elmi tədqiqatlar, Avropa İttifaqının layihələrində birgə iştirak və səmərəli əməkdaşlıq üçün digər imkanlar müzakirə olunub.

Sonra nümayəndə heyəti BSU-da fəaliyyət göstərən Polyak dili və Mədəniyyəti Mərkəzi ilə yaxından tanış olub və polşaşünas ixtisasında təhsil alan tələbələrlə görüşüb.

Xəbər lenti