Azərbaycanın bir neçə ali təhsil müəsssisələrində 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.
Tehsil.biz ali məktəblərdə imtahan gedişatlarını öyrənmək məqsədi ilə bir neçə universitet arasında sorğu keçirib.
Bakı Dövlət Universitetindən (BDU) "Tehsil.biz"ə verilən məlumata görə, iyunun 3-dən etibarən BDU-da 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb:

"İmtahanlar iki növbədə (bakalavriatura səviyyəsi üzrə saat 10:00-13:00-dək, magistratura səviyyəsi üzrə saat 14:00-18:00-dək) keçiriləcək. Bakalavriatura səviyyəsində 681 qrup üzrə 15 minə yaxın tələbə, magistratura səviyyəsində isə 234 ixtisaslaşma üzrə 973 nəfər imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2022-ci il iyul ayının 4-dən 12-dək şərait yaradılacaq. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək. Sessiya iyulun 1-dək davam edəcək".
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasından (AƏSMA) bildirilib ki, akademiyada imtahan sessiyası iyunun 2-dən etibarən əyani formada start götürüb: "İmtahanlar yüksək səviyyədə təşkil olunur. İmtahanların iyunun ayının sonunadək davam etdirilməsi nəzərdə tutulur".
Azərbaycan Texniki Universitetindən (AzTU) "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyunun 3-də başlayıb və iyulun 5-nə kimi davam edəcək:

"İmtahanlar şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə təşkil olunub. Qiyabi formada təhsil alan tələbələr üçün isə imtahan sessiyası iyunun 22-dən iyulun 1-nə kimi keçiriləcək. Qiyabi təhsil alan I və II kurs tələbələrinin imtahanları test, III və IV kurs tələbələrinin imtahanları isə şifahi üsulla aparılacaq. Sonuncu kurs tələbələrinin Yekun Dövlət Attestasiyası iyunun 22-dən iyulun 5-nə kimi keçiriləcək".
Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) "Tehsil.biz"ə bildirilib ki, yaz semestrinin imtahan sessiyasına əyani formada start verilib:

"İyunun 2-də bakalavr səviyyəsində 14 qrupda 316 tələbə yazılı, 51 qrupda isə 1217 tələbə test üsulu ilə imtahan verib. Universitetdə sessiyanın gedişinə nəzarət edilməsi məqsədilə İmtahan Qərargahı, imtahanların qiymətləndirilməsində yaranan şikayətlərin baxılması üçün isə rektorluq yanında Apellyasiya Komissiyası yaradılıb. Bundan başqa, bütün tədris binalarında müraciət və təkliflər qutuları asılıb. Test imtahanın nəticələri həmin gün, yazılı imtahanın nəticələri isə ertəsi gün universitetin elektron məlumat sisteminə yerləşdiriləcək. İmtahanların gedişi AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, prorektorlar, dekanlar və kafedra müdirləri tərəfindən izlənilir".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 31 maydan bakalavr və magistratura pillələrində təhsil alan tələbələrin yaz imtahanlarına start verilib:

"İmtahan sualları fənn müəllimlərindən ibarət xüsusi qrup tərəfindən tərtib edilib. İmtahan vərəqələri yoxlanıldıqdan sonra yekun qərar üçün Strasburq Universitetinin ekspertlərindən ibarət münsiflər heyətinə təqdim olunacaq və qiymətlər daha sonra tələbələrə elan ediləcək. İmtahanların iyunun 14-də başa çatdırılması planlaşdırılır".
Bakı Slavyan Universitetində də (BSU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyunun 1-dən ənənəvi formada başlayıb:

"İmtahan sessiyası təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2022-ci il 19 may tarixli müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir. Yaz semestrinin imtahan sessiyası iyulun 6-dək davam edəcək. İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib. Hər fənn üzrə tələbələrin giriş balları fakültələrdə müvafiq lövhələrdə asılıb. Sessiyanın təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bununla yanaşı, irad, təklif və fikirlərini qeyd etmək üçün [email protected] ünvanına yazmaqla müraciət etmək olar".
Bakı Mühəndislik Universitetində (BMU) yaz semestrinin imtahan sessiyasına əyani formada start verilib:

"İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək şikayətlərin operativ şəkildə aradan qaldırmaq, eyni zamanda sessiyanın gedişinə daimi nəzarəti həyata keçirmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb. Bundan başqa, universitetin müvafiq qurumlarına sessiya müddətində nizam-intizamın yüksək səviyyədə təmin edilməsi tapşırılıb. Tələbələrin fənnlər üzrə imtahanqabağı ballarının BMU-nun Elektron Məlumat Sistemi vasitəsilə avtomatik hesablanması məqsədilə imtahana qədər əldə olunmuş bütün qiymətləndirmə məlumatları (dərsə davamiyyət, semestr daxili fəaliyyətlər, sərbəst iş, laboratoriya işi və kurs işi nəticələri) fənn müəllimləri tərəfindən sessiya başlayanadək sistemə tam daxil edilib. İmtahan nəticələri isə imtahan keçirildiyi gün fənn müəllimi tərəfindən universitetin Elektron Məlumat Sisteminə yerləşdiriləcək. Qeyd edək ki, imtahan sessiyası cari ilin 5 iyul tarixinə kimi davam edəcək".
Mingəçevir Dövlət Universitetindən (MDU) bildirilib ki, iimtahan sessiyası 1 iyun-5 iyul tarixlərində ənənəvi formada təşkil edilir: "Tələbələrin aralıq qiymətləndirilməsi hər biri 10 bal olmaqla 5 suala verilən cavab əsasında şifahi imtahan yolu ilə həyata keçiriləcək. Cari imtahan sessiyasıda baş tutacaq 600-dən çox imtahanda 2000-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir. Sessiya ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb".
Lənkəran Dövlət Universitetindən (LDU) "Tehsil.biz"ə əyani təhsilalma forması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrinin imtаhаn sеssiyаsına start verildiyi bildirilib:

"Bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün əyani formada keçirilən imtahan sessiyası iyulun 5-dək davam edəcək. LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişi və tələbələrə yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə imtahan zallarına baş çəkib, tələbələrin semestr boyunca əldə etdikləri biliklərini əsaslı şəkildə nümayiş etdirmələri üçün əməli şəraitin yaradılmasını tapşırıb. Bütün fаkültələr üzrə imtаhаnlаr 3 iyul sааt 09:00-dа bаşlаnıb, saat 11:30-da yekunlaşdırılacaq".
Azərbaycan Texnologiya Universitetindən saytımıza verilən məlumata görə, yaz semestrinin imtahan sessiyasına iyunun 1-dən etibarən başlanılıb:

"1 iyun tarixindən start götürən imtahanlar yazılı, test və şifahi formada keçirilir. Proses 2 iyuladək davam edəcək. 14 iyun tarixindən isə qiyabi təhsil alan tələbələrin imtahanları başlayacaq və proses 29 iyunadək davam edəcək. Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir".
Fəqan Əzimli