Logo

Musiqili Teatr Belarusda Beynəlxalq Teatr Festivalında çıxış edəcək

05.06.2022 12:09 366 baxış
IMG

23-27 iyun tarixlərində Belarus Respublikasının Mogilyov vilayətinin Bobruysk şəhərində “Dostluq çələngi” Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Tehsil.biz "report"a istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatrlarının qatıldığı bu festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünya şöhrətli yazıçı Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşa ilə təmsil edəcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən səfərdə teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, Əməkdar artist, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynov və teatrın səs rejissoru Məhəmməd Məmmədov iştirak edəcəklər.

Qeyd edək ki, festivalda quruluşçu rejissoru Xalq artisti, "Şöhrət" və "Şərəf” ordenli Prezident təqaüdçüsü Cənnət Səlimova, ideya müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev olan “Utancaq qız” monotamaşası təqdim ediləcək, əsərin yeganə qəhrəmanı Şövqi Hüseynov səhnəyə çıxacaq.

Tamaşa iyunun 25-də festival iştirakçılarına təqdim olunacaq.

Bu, “Utancaq qız”ın xaricə ikinci səfəridir. Tamaşa bundan öncə cari ilin fevral ayında Tehranda keçirilən “Fəcr” Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub.

Azərbaycanı təmsil edən nümayəndə heyəti eyni zamanda beynəlxalq layihənin proqramına əsasən ölkələrarası mədəni əlaqələrin inkişafına dair müxtəlif görüşlərdə və tədbirlərdə iştirak edəcək, Akademik Musiqili Teatrla başqa sənət ocaqları arasında əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanacaq.

Xəbər lenti