Logo

BANM-də daha bir “Mühəndislər üçün biznes təhsili” layihəsi başa çatıb

05.06.2022 20:58 398 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) və bp şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursu uğurla başa çatıb.

Tehsil.biz xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti mərhələsi müvəffəqiyyətlə öz işini yekunlaşdırıb. Rektor vurğulayıb ki, əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılması olan layihə boyunca təcrübəli ekspertlər təlimlər keçiblər.

Elmar Qasımov qeyd edib ki, proqramda Bakı Ali Neft Məktəbi ilə yanaşı, mühəndislik ixtisası üzrə təhsil alan bir çox ali məktəbin tələbələri də iştirak ediblər.

“İngilis dilində həyata keçirilən layihə təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmiş tələbələrə menecment və biznes sahəsində geniş bilgilər verib. Əsas məqsəd gənc mühəndislərə ümumi biznes bilikləri, baza prinsipləri, liderlik keyfiyyətləri, layihələrin idarəedilməsi, biznes səriştəsi və bir sıra digər istiqamətlərdə modullar keçməklə savadlı, intellektual kadrlar yetişdirməkdir. İştirakçılar bu təlimlərdə hədəflərini dəqiqləşdirmək imkanı əldə edirlər",- deyə rektor əlavə edib.

Sonra çıxış edən təlimçilər - Azərbaycan Beynəlxalq Bankının İşəqəbul və planlaşdırma şöbəsinin müdiri Orxan Əliyev, "PAŞA Bank"ın Baş müştəri meneceri Ramin Əzizov və Bakı Ali Neft Məktəbinin Beynəlxalq əlaqələr şöbəsinin meneceri - Cahan Məmmədova təlimi uğurla başa vuran iştirakçılara müvvəffəqiyyətlər arzuladılar. Qeyd etdilər ki, onlar özləri də qarşılıqlı olaraq bu təlimlərdə yeni biliklər öyrəniblər. Sonda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov layihə iştirakçılarına sertifikatları təqdim edib.

Xəbər lenti