Logo

İstanbulda “Şuşa ili”nə həsr edilmiş konsert keçirilib

06.06.2022 09:59 403 baxış
IMG

Türkiyənin İstanbul şəhərində “Anadoludan Azərbaycana bir nəfəs - 2022 Şuşa ili” adlı təntənəli konsert proqramı keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, konsert TRT-nin İstanbul Radiosu, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı, şəhərin Bakırköy Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Konsert proqramından əvvəl Azərbaycan və Türkiyə şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Qonaqları salamlayan Hazarfem dərnəyinin sədri Nuran Acar konsert proqramının tarixi Qarabağ zəfəri və “Şuşa ili”nə həsr olunduğunu bildirib: “Biz illərdir Qarabağ, Şuşa deyir, oranı nağıl kimi təsəvvür edirdik. Bu yaxınlarda Şuşaya səfər etdim. Şəhərin həqiqətən də nağıllar diyarına bənzədiyini gördüm. Bu şanlı zəfəri bizə bəxş etdiyi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla hər kəsə minnətdarıq. Eləcə də, hər zaman olduğu kimi, müharibə dövründə də qardaş Azərbaycanın yanında yer alan Prezidentimiz Rəcəb Tayyib Ərdoğan başda olmaqla hər bir Türkiyə vətəndşına təşəkkürümüzü bildiririk”.

Konsert proqramından əvvəl Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu savaş nəticəsində əldə olunan şanlı zəfəri özündə əks etdirən videoçarx nümayiş olunub.

Sonra TRT-nin İstanbul Radiosunun Anadolu Saz Sənətkarları və türk xalq musiqisi sənətçisi Dünya Tekinin ifasında Azərbaycan və Türkiyə musiqilərinin nümunələri dinlənilib. Hazarfem dərnəyi Türk Dünyası Ritm (Nağaraçılar) və Hazarfem dərnəyi Azərbaycan Xalq Rəqsləri birliklərinin rəqs və musiqi nömrələri ifa olunub. Konsert proqramı, izləyicilər tərəfindən çoşqu ilə qarşılanıb.

Xəbər lenti