Logo

BANM-də “Teknofest” komandalarının mükafatlandırılma mərasimi keçirilib

06.06.2022 10:09 274 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) “Teknofest-2022” Aerokosmik və Texnologiya Festivalında iştirak edən komandaların və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, mərasimdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qalibləri və iştirakçıları təbrik edib və bildirib ki, Azərbaycanda ilk dəfə keçirilən Türkiyənin bu böyük festivalında Bakı Ali Neft Məktəbinin komandaları yüksək səviyyədə iştirak edərək ölkə universitetləri arasında fərqlənməyi, böyük uğura imza atmağı bacarıb: “Bakı Ali Neft Məktəbinin tələbələri 5 ay müddətində bu festivala ciddi və böyük məsuliyyətlə hazırlaşıblar. Milli adlardan ibarət 33 komanda festivala müraciət edib. 25 komanda festivalın II mərhələsinə, 16 komanda isə finalına yüksəlib. Komandalarımızın seçdiyi milli adlar bizə uğur gətirdi. BANM tələbələrinin belə böyük beynəlxalq festivalda mükafatlar qazanmaları Ali Məktəbimizin yüksək nüfuzunun daha da artması baxımından mühüm hadisədir. Bununla biz cənab Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalı çevirməliyik” siyasətinin bariz nümunəsi olduğumuzu bir daha təsdiq etdik”.

Rektor “Teknofest” festivalının startap və innovativ layihələr həyata keçirən gənclər üçün böyük imkanlar yaratdığını vurğulayaraq gələcəkdə Ali Məktəbin daha çox tələbəsinin bu festivalda iştirak edəcəyinə əminliyini bildirib.

Sonra “CanSat Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsində I yerə layiq görülən “İstiqlal” komandasının kapitanı Fuad Məmmədzadə, komandanın mentoru BANM-in məzunu və müəllimi Ramil Şükürov, “Yaşıl texnologiyalar” müsabiqəsi üzrə qalib olan “Atəşgah” komandasının kapitanı Fərid Əliyev, mentoru BANM-in məzunu Murad Rəhimov, həmçinin digər “Teknofest”  iştirakçıları, tələbələr təəssüratlarını bölüşüblər.

”Teknofest” qaliblərini və iştirakçıları təbrik edən Bakı Ali Neft Məktəbinin professorları Siyavuş Azakov və Fuad Vəliyev, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri, dosent Nailə Allahverdiyeva gənclərə uğurlar arzulayaraq tövsiyələrini veriblər.

Tədbirdə çıxış edən yazıçı-publisist, tanınmış jurnalist Elçin Şıxlı Bakı Ali Neft Məktəbində yaradılan səmimi mühiti, gənclərin uğurlarını yüksək qiymətləndirib, gənclərə tövsiyələrini verib və tələbələrin etibarlı əllərdə olduğunu vurğulayıb.

Daha sonra “Teknofest”in finalına yüksələn bütün komandalar, həmçinin komandalara dəstək olan əməkdaşlara mükafatlar təqdim edilib.

Xatırladaq ki, BANM-in 6 komandası B kateqoriyası üzrə 6 müsabiqədə 8 mükafata layiq görülüb.

Xəbər lenti