Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən həyata keçirilən “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” layihəsi üzrə təlimlərin üçüncü mərhələsinə başlanılıb.
İnstitutdan bildirilib ki, bu mərhələdə peşəyönümü koordinatorları layihə çərçivəsində görülən işlərlə bağlı təqdimatlar edir, eyni zamanda, proses zamanı qarşılaşdıqları çətinlikləri və növbəti tədris ili üçün fəaliyyət istiqamətlərini müzakirə edirlər.
Təlimlərdə iştirakçılar STEAM mərkəzi, buradakı gələcəyin peşələri, onların tətbiq sahələri və bu peşələrlə bağlı texnologiyalarla, layihə əsaslı modullarla tanış olurlar. İştirakçılara təlimçilər tərəfindən 3D çap, CNC dəzgahlar, robototexnika, süni intellekt haqqında məlumat verilir, onların bu istiqamətdə sualları cavablandırılır.
Əyani şəkildə keçirilən təlimlərə 4000 nəfərə yaxın koordinator cəlb olunub. Eyni zamanda, növbəti tədris ilində fəaliyyətin davamlılığını təmin etmək məqsədilə regional təhsil idarələrindən nümayəndələr də təlimlərdə iştirak edirlər.