Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 95 nömrəli tam orta məktəbin təşəbbüsü ilə onlayn tədbir keçirilib.
“Şəhidlərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində keçirilən “Tarix yazan Vətən oğulları” adlı onlayn tədbir Azərbaycan Ordusunun şanlı qələbəsinə və bu qələbəni öz canları bahasına qazanmış şəhidlərin əziz xatirəsinə həsr edilib.
Onlayn tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, ADPU-nun prorektorları Fikrət Rzayev və Eldar Aslanov, şəhid ailələrinin üzvləri və qazilər, BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, filialın tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova, filialın pedaqoji fakültəsinin dekanı Qahirə Şahbazova, ADPU-nun Ağcabədi filialının tədris və elmi işlər üzrə direktor müavini Seymur Süleymanov, filialın tərbiyə işləri üzrə direktor müavini Mahir Səlimov, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Kəmalə Abdullayeva, Bakı şəhər 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva, Şamaxı rayon 1 nömrəli tam orta məktəbin direktoru Dilarə Rüstəmova, telejurnalist Telli Pənahqızı, xalq artisti Azad Şükürov, 95 nömrəli tam orta məktəbin direktoru və layihənin rəhbəri Elçin Abdullayev, məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, məktəbin müəllimləri və şagirdləri, eləcə də ADPU-nun tələbələri iştirak ediblər.
Onlayn tədbirin keçirilməsində məqsəd şanlı döyüş tariximizdə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq salnaməsi ilə daha yaxından tanış olmaq və geniş ictimaiyyətə tanıtdırmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan vermək, həmçinin əsgər və qazilərimizin döyüş xatirələri əsasında parlaq qələbənin necə əldə olunduğunu əks etdirməkdən ibarətdir.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Onlayn tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva şəhidlərimizin əziz xatirəsinin yad edilməsinin, onların şagirdlər və gələcəkdə müəllim adını qazanacaq tələbələr arasında tanıdılmasının önəmini vurğulayıb. Tariximizin şanlı səhifəsi olan qələbə barədə danışan İdarə müdiri bu günlərin şahidi kimi hər zaman qürurla danışacağımızı qeyd edib, gələcək nəslə Vətən sevgisinin və dəyərlərimizin təbliğ edilməsinin zəruriliyinə diqqət çəkib. M.Vəliyeva bildirib ki, onlayn tədbirlər, həmçinin ailə-məktəb əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.
Onlayn tədbirdə ADPU-nun prorektorları Fikrət Rzayev və Eldar Aslanov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, telejurnalist Telli Pənahqızı, xalq artisti Azad Şükürov, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Kəmalə Abdullayeva, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxslər, şəhid ailələrinin üzvləri və digər qonaqlar Azərbaycanın Ordusunun şücaəti barədə çıxışlar edib, Vətən uğrunda canından keçmiş şəhidlərin həyat yolu barədə məlumat veriblər.
Tədbirdə məktəblilər ordumuzun şanlı qələbəsi və şəhidlərə həsr olunmuş şeirlər söyləyib, mahnılar səsləndiriblər.
Sonda Vətən Müharibəsi şəhidlərinə həsr olunmuş videoçarx nümayiş edilib.