Logo

Firəngiz Əlizadənin 75 illiyinə həsr edilmiş musiqi festivalı keçirilib - FOTOLAR

06.06.2022 15:35 427 baxış
IMG

31-4 may tarixlərində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 75 illiyinə həsr edilmiş musiqi festivalı keçirilib.

Mədəniyyət Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, festival çərçivəsində iyunun 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti tədbir keçirilib.

Gecədə təbrik nitqi ilə çıxış edən mədəniyyət naziri Anar Kərimov diqqətə çatdırıb ki, Firəngiz Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından uzaqlarda da uğurla təbliğ edir. Onun əsərləri həm Vətəndə, həm də xaricdə tanınaraq müasir Azərbaycan musiqisinin inikasına çevrilib: “Bu gün Azərbaycan mədəniyyəti üçün əlamətdar bir gündür. Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan və mədəniyyətimizin inkişafına xüsusi töhfələr verən Firəngiz Əlizadənin yubileyinə toplaşmışıq. Bu gün fəxrlə deyə bilərik ki, Firəngiz xanım özünəməxsus dəst-xətti olan bəstəkar, Azərbaycan bəstəkarlıq sənətinin, klassik musiqi üslubunun zənginləşməsində əməyi olan bir şəxsiyyətdir. Firəngiz Əlizadə Azərbaycan musiqisini yüksək səviyyəyə qaldıran sənətkarlardandır. Onun sənəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Bəstəkar dövlət başçısı tərəfindən "Şöhrət", "Şərəf" ordenləri və bu günlərdə isə “Prezidentin fəxri diplomu” ilə təltif edilib. Firəngiz xanımın fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. O, UNESCO-nun “Sülh artisti” adına layiq görülən yeganə azərbaycanlıdır”.

Nazir bəstəkarı yubileyi münasibətilə təbrik etdi, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.

Firəngiz Əlizadə nazir Anar Kərimova minnətdarlığını ifadə edərək tədbirə qatılan qonaqlara təşəkkürünü bildirib.

Yubiley münasibətilə Almaniyadan Bakıya qonaq gələn “Hans Sikorski” nəşriyyatının nümayəndəsi Qabriel Teşner çıxış edərək yubilyarı təbrik edib, bəstəkarla birgə fəaliyyətlərindən məmnunluğunu dilə gətirib.

Tədbirdə çıxış edən musiqişünas Jalə Qulamova bəstəkarın yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, daim yaradıcılıq axtarışında olan Firəngiz Əlizadə bu gün də ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona şərəflə xidmət edir. Onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək. Bəstəkarın  yaradıcılığı yalnız ifaçılarımız üçün deyil, musiqi elmimiz üçün də dəyərli bir mənbədir.

Çıxışlardan sonra yubiley gecəsi Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə davam edib.

Bəstəkarın böyük simfonik orkestr üçün yazdığı “Nağıllar”, ən çox ifa olunan, violonçel və simfonik orkestr üçün yazdığı “Mərsiyə”, “İntizar” operasından ananın ariyası maraqla qarşılanıb. “Mərsiyə” İsveçrədən gələn ifaçı Marcis Kuplais tərəfindən səsləndirilib. Solist bəstəkara hədiyyə olaraq soloda latış xalq mahnısı da ifa edib. Ananın ariyasını isə Xalq artisti Gülnaz İsmayılova səsləndirib.

Yubiley gecəsi bəstəkarın yeni əsərlərindən biri olan “Nizami fəzası” (“Nizami Cosmology”) təqdimatı ilə yekunlaşıb. Qeyd edək ki, əsər Azərbaycanda ilk dəfə səslənirdi. Zəngin orkestr üslubu və möhtəşəm quruluşa malik olan bu yeni əsər Azərbaycan simfonik musiqisinə dəyərli töhfədir.

Konsert bəstəkara ünvanlanan təbriklər və böyük alqışlarla yekunlaşıb.

Xəbər lenti