21 aprel 2022-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.
Tehsil.biz xəbər verir ki, elan üzrə 52 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 292 (A növündə 10 vakant, B növündə 282 vakant) vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2203 namizədlə 4214 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə müraciəti vəziyyəti, Sabirabad "ASAN xidmət" mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektoru aparıcı məsləhətçi (1 vakant yer üzrə 268 namizəd), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi məsləhətçi - kompüter proqramçısı (1 vakant yer üzrə 208 namizəd) və İqtisadiyyat Nazirliyi, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, Sənədlərlə iş və arxiv sektoru məsləhətçi (1 vakant yer üzrə 187 namizəd) üzrə yaranıb. Müsahibələrin 2022-ci il iyunun 13-dən oktyabrın 14-dək olan dövrdə keçirilməsi planlaşdırılır.
Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.