“Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbulun elektronlaşdırılması istiqamətində son tamamlanma işləri gedir. İyul ayında bağçalara qəbulun elektron qaydada olması planlaşdırılır”.
Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda deyib.
Onun sözlərinə görə, mərhələli şəkildə bölgələr üzrə qəbul olacaq:
“İlk olaraq Bakı, Sumqayıt, Abşeron və Gəncə üzrə olacaq. Sentyabr ayına qədər ölkə üzrə bağçalara uşaq qəbulu elektron şəkildə təmin ediləcək. Bu il ilk dəfə Təhsil Nazirliyinin tabeliyində olan dövlət uşaq bağçalarında vakant olan tərbiyəçi və müdirlər üçün namizədlər müsabiqədə işitrak edərək yerləri qazana bilərlər".
Şöbə müdiri bildirib ki, özəl bağçalarda işləmək istəyənlər birbaşa həmin müəssisəyə müraciət edərək işə düzələ bilər: “Biz həmin bağçaların fəaliyyətinə qarışa bilmərik. Uşaq bağçlarında da məktəbəhazırlıq qrupları var. Həmin qrupların sayı bütün uşaqların hazırlığına şərait yaratmır. 5 yaşı tamam olanların hazırlığa getmələri tövsiyə olunur. Bağçalarla yanaşı, məktəblərdə də hazırlıq qrupları var”.