Azərbaycan ilə Gürcüstan arasında qədim tarixə malik dostluq münasibətləri bu gün də uğurla inkişaf edir. Azərbaycanın İlahiyyat İnstitutunun nümayəndə heyətinin Gürcüstana səfərinin əsas məqsədi bütün sahələrdə, xüsusən də din sahəsində münasibətləri daha da genişləndirmək və möhkəmləndirməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanda səfərdə olan Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın İlahiyyat İnstitutu dünyanın bir çox ölkələrinin ali dini təhsil ocaqları ilə sıx əməkdaşlıq edir. Bundan sonra İlahiyyat İnstitutu Gürcüstanın ali dini təhsil müəssisələri ilə də əməkdaşlıq edəcək.
Rektor deyib ki, Gürcüstana səfər çərçivəsində bir sıra dövlət və qeyri-hökumət təşkilatlarında, eləcə də Gürcüstanın Ruhani Akademiyasında görüşlər keçiriləcək. “İlahiyyat İnstitutu dünyanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa dair sənəd imzalayıb. Belə bir saziş Gürcüstan ilə də imzalanacaq”, – deyə A.Şirinov vurğulayıb.