Logo

Azərbaycan Qrodnodakı mədəniyyət festivalında uğurla təmsil olunub

07.06.2022 19:28 408 baxış
IMG

Belarusun Qrodno şəhərində keçirilən XIII Respublika milli mədəniyyət festivalında Azərbaycan təmsil olunub.

Tehsil.biz xəbər verir ki, millətlərarası münasibətlərin möhkəmlənməsi, müxtəlif xalqların mədəniyyət, incəsənət və milli mətbəx nümunələrinin təbliğ olunması məqsədilə gerçəkləşdirilən festival 30 ölkədən 800 iştirakçının yürüşü ilə başlayıb. Yürüşün ön sıralarında Azərbaycan nümayəndə heyətinin üzvləri addımlayıblar. Onların arasında Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev, “Belarusda Azərbaycan İcmaları Konqresi”nin rəhbəri Natiq Bağırov, konqresin müxtəlif bölgələr üzrə sədrləri, üzvləri və gənclər təşkilatının fəalları olub.

Tədbirin açılış mərasimində çıxış edən Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç, baş nazirin müavini İqor Petrişenko, mədəniyyət naziri Anatoli Markeviç və Qrodno vilayəti icraiyyə komitəsinin sədri Vladimir Karanik festival iştirakçılarını salamlayıblar.

Festivalın bədii hissəsi azərbaycanlıların çıxışı ilə açılıb. Azərbaycan əsilli Belarus müğənnisi Günəş Abbasovanın, Davud Zakirzadənin və Olesya Kosoykinanın rəhbərlik etdikləri “Odlar Yurdu” və “Sarı gəlin” rəqs qruplarının ifaları alqışlarla qarşılanıb.

Festival çərçivəsində təşkil olunmuş Azərbaycan guşəsində ölkəmizin, xüsusilə də işğaldan azad edilmiş Qarabağ bölgəmizin füsunkarlığını əks etdirən rəsm əsərləri, kitablar, milli geyimlər, xalçalar, musiqi alətləri, suvenirlər və milli mətbəx nümunələri nümayiş etdirilib. Guşənin yanında quraşdırılmış kiçik səhnədə isə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” sözlərinin və qədim şəhərimizin görüntülərinin əks olunduğu dekorasiya qurulub. Bu guşənin təşkil edilməsində “Belarusdakı Azərbaycan İcmaları Konqresi”nin Qrodno bölməsinin, onun sədri Namiq Vəliyevin xüsusi rolu olub.

İyunun 3-dən 5-dək keçirilmiş festivalın bağlanış mərasimində “Belarusda Azərbaycan icmaları konqresi”nin gənclər təşkilatının və “Sarı gəlin” rəqs qrupunun rəhbəri Olesya Kosoykina “Milli mədəniyyətin populyarlaşmasına mühüm töhfəsinə görə” Belarus Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmana layiq görülüb.

Xəbər lenti