Böyük itkidir. Həm Universitet, həm də jurnalistika üçün. Böyük bir jurnalist nəslinin sevimli müəllimi getdi. 80 il əvvəl Tovuz rayonunun Alakol kəndindən başlayan ömür elə Alakoldaca bitdi.
Ağır xəstəliyi, bilirdik. Xərçəng hər gün yeyib bitirməkdəydi onu, nəhayət bu gün istəyinə çatdı.
20 gün idi ki, Alakola getmişdi. Sanki ürəyinə damıbmış kimi.
Bir qədər əvvəl isə doğma universitetinə baş çəkmişdi, hə, ürəyinə damıbmış kimi. Vidalaşmışdı doğma ocağıyla, sevimli universitetiylə. O universitet ki, o jurnalistika fakültəsi ki, orda onu sevməyən tələb yox idi. Bütün səmimiyyətimlə, əminliklə deyirəm bunu.
Tələbəyə dayaq idi o!
Tələbənin dostu idi o!
Tələbəyə örnək idi o!
Və indi o yoxdu...
Bizim Nəsir müəllim dünyadan köçdü.
Mənə dərs deməyib, çünki jurnalistika fakültəsini bitirməmişəm. Amma 30 ildir onu tanıyırdım, 30 yaş fərqimiz olsa da. Nəsir müəllimlə çox yoldaşlığımız olub. Yüz ilin tanışı, tay-tuşu kimi.
Bayaq dedim, Nəsir müəllim öz tələbələrinin tərəfini heç kimə verməzdi. Heç rektorlara da. Həmişə gənc jurnalistlərə qarşı bir qədər tənqidi mövqeyimlə seçilmişəm. Bir dəfə “Facebook”da bu mövzuda bir qədər sərt status paylaşdım. O yaşında da aktiv sosial şəbəkə istifadəçisi olan Nəsir müəllim anındaca cavab atəşiylə məni susdurmuşdu. “Jurnalistika sənin ixtisasın deyil, istəsən tələbələrimə deyərəm, sənə çox şey öyrədər”.
Nəsir müəllim həddən artıq hazırcavab, pozitiv insan idi. Bir tanınmış jurnalist var, onun haqqında demişdim: Adamla qatarla bir kupedə Moskvaya gedəsi olsan, Dərbəndə çatmamış intihar edərsən. Çünki başdan ayağa mənfi enerjidir, vampir kimi enerjini sorub bitirər.
Nəsir müəllimlə bir ay baş-başa oturub söhbət edəsən, yorulmazdın. Adam enerji deposuydu sanki.
Nəsir sözünün mənası ərəb dilində “yardımçı”, “kömək edən” deməkdi. Nəsir müəllim sanki elə adıyla böyümüşdü. Elə adıyla da vəfat etdi.
Nəsir müəllim həm də yaxşı şair idi. Onun “Tovuza gəlsin” şeirini oxumayan aşıq yox idi.
Və getdi Tovuza, əbədi.
Əsl dost getdi!
Əsl İNSAN getdi!
Əsl müəllim getdi!
Müəllimlər ölməsin, heç ölməsin!
Səbuhi Məmmədli