Azərbaycan Tibb Universitetinin (ATU) kitabxanasının girişində asılan elan müzakirələrə səbəb olub.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılıb.
Belə ki, elanda tələbələrin kitabxanaya qısa şalvarda, şortikdə və maykada gəlmələrinin qadağan olduğu qeyd olunub.
Məsələ ilə bağlı adıçəkilən universitetin Mətbuat xidmətinin rəhbəri Günel Aslanova "Tehsil.biz"ə açıqlamasında yayılan elanla bağlı qeyri-adi heç nəyin olmadığını bildirib:
"Bu, tamamilə etik qaydalara dəvətdir. Hətta cəmiyyət arasında da geyimlə bağlı normativlər vardır. Bura da bir təhsil müəssisəsidir və daxili nizam-intizam qaydaları var. Bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə də tələbələrin dərsə davamiyyəti kimi baxırıq. Onu da qeyd edək ki, dünyanın ən demokratik ölkələrində belə ictimai yerlərdə, iş yerlərində, o cümlədən təhsil müəssisələrində müəyyən qaydalara əməl olunur. Bir tələbənin tərzinə digər tələbənin etirazı ola bilər. Biz bir tələbənin geyiminə görə başqa tələbənin mövqeyini görməzdən gələ bilmərik. Bura bir təhsil müəssisəsidir və daxili nizam-intizam qaydalarımız var".