Logo

ADMİU-nun prorektoru Avstriyada keçirilən Beynəlxalq Sosial İş Günləri tədbirlərində iştirak edib

08.06.2022 16:22 326 baxış
IMG

Yuxarı Avstriya Tətbiqi Elmlər Universitetində Beynəlxalq Sosial İş Günləri fəaliyyətə başlayıb. Linz şəhərində keçirilən tədbirdə ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) prorektoru dosent Sədaqət Əliyeva, Sosial İş Məktəbinin həmtəsisçiləri Lamiyə Rzayeva-Əhmədli və Xanbala Əhmədli təmsil ediblər.

ADMİU-dan bildirilib ki, Avstriya, ABŞ, Almaniya, İsveçrə, Meksika, Niderland, Böyük Britaniya, Kanada, Ukrayna və digər ölkələrdən professor, müəllim və tələbələrin iştirak etdikləri tədbirin ilk günündə ABŞ-ın Viskonsin-Milvaki Universitetindən Stan Stoykoviç “Həbsxanadakı ahıllarla sosial iş” mövzusunda təlim keçib. Daha sonra hər bir ölkənin mədəniyyəti, mətbəxi, təhsil müəssisələri haqqında təqdimatlar edilib.

Mədəniyyət və İncəsənət Universitetinin təqdimatı zamanı Sədaqət Əliyeva “ADMİU-da sosial iş ixtisasının yaranması, inkişafı və müasir perspektivləri” mövzusunda məruzə edib. Prorektorun çıxışı zamanı həm ADMİU-nun tanıtım, həm də sosial iş ixtisasının 2015-ci ildən fəaliyyət göstərməsi ilə bağlı videoçarxlar yayımlanıb. Qeyd olunub ki, ADMİU-da sözügedən ixtisas yaradıldıqdan sonra başqa universitetlərdə və xaricdə təhsil almış gənc mütəxəssislər müəllim kimi dəvət olunublar. Onlar Lamiyə Rzayeva-Əhmədli və Xanbala Əhmədlidir. Qısa zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq yaradılıb və peşəkar kadrlar universitetə cəlb olunub. İki il sonra magistratura səviyyəsində də sosial iş ixtisası yaradılıb. Bu illər ərzində üç böyük beynəlxalq konfrans təşkil edilib və həmin tədbirlərin iştirakçıları olmuş xarici mütəxəssislər universitetdə ustad dərsləri keçmək üçün dəvət olunublar. Onların arasında Yuxarı Avstriya Tətbiqi Elmlər Universitetinin professoru Kristian Ştark da olub.

Vurğulanıb ki, sosial iş ixtisası ADMİU-da art-terapiya istiqamətində də öyrənilir və tətbiq edilir.

Sonda prorektor Yuxarı Avstriya Tətbiqi Elmlər Universitetinin rəhbərliyinə Qarabağ motivlərinin əks olunduğu hədiyyə təqdim edib.

Tədbirdə Lamiyə Rzayeva-Əhmədlinin Azərbaycanda sosial iş haqqında məruzəsi dinlənilib.

Xəbər lenti