Logo

İnternat məktəbində uşaqlar arasında xəstəlik yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA

08.06.2022 18:06 554 baxış
IMG

Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya tipli internat məktəbində uşaqlarla normal davranılmır, natəmizlik səbəbindən xəstəlik yayılır.

Bu barədə "Tehsil.biz"ə müraciət edən valideyn məlumat verib.

Övladını danışa bilmədiyi üçün adıçəkilən internat məktəbinə əmanət edən şikayətçi həmin müəssisədə təmizlik və davranış qaydalarına düzgün əməl olunmamasından narazılıq edir.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində sanitar gigiyenik normalara ciddi nəzarət edilir:

"16.04.2022-ci il tarixində dərilərində səpkilərin yaranması səbəbi ilə ərazi üzrə poliklinikanın dermatoloq həkimi və 3 saylı uşaq dəri zöhrəvi xəstəxanasının həkimi tərəfindən skabiez diaqnozu müəyyənləşdirilərək müəssisənin yataqxanasında gecələyən şagirdlər karantinə götürülüblər. Karantin dövründə şagirdlər müalicə üçün həkim tərəfindən təyin edilmiş lazımi dərman preparatları ilə təmin edilib, həmçinin mütəmadi olaraq həkim müayinəsi və müşahidəsi altında olublar. Əlavə olaraq bildiririk ki, karantin müddəti bitdikdən sonra şagirdlər həkim müayinəsindən keçirilərək 30.05.2022-ci il tarixindən təhsilə cəlb olunublar".

Xəbər lenti