Logo

"BŞTİ intriqa yuvası, pul yığımı, bioqrafiyası natəmiz direktorlar, vəsait mənimsənilməsi" - Deputat yazır...

08.06.2022 19:00 1218 baxış
IMG

Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ən çox diqqət etdiyi sahələrdən biri orta təhsildir. Ölkəmizdə inşa edilən yüksək infrastruktura malik olan məktəblər, bu məktəblərdəki şərait şagirdlərin həm yüksək səviyyədə bilik qazanmalarına, həm də yaxşı vətəndaş kimi yetişmələrinə xidmət edir. Aydındır ki, bunun məsuliyyətini isə təhsilə cavabdeh şəxslər daşımalıdırlar.

Məktəblərdəki yeniliklərlə yanaşı, nöqsanlar da mütləq ictimailəşdirilməlidir. Biz təhsilin bütün pillələrini, xüsusilə orta təhsili qorumalıyıq. Məktəbdən gələcəyimizə yol açılır. Son zamanlar orta təhsildə baş verən neqativ hallarla bağlı tənqidi yazılarım bir sıra şəbəkə adamlarını hiddətləndirib. Orta məktəblərə 5-ci kalonun nüfuz etməsində məqsəd məktəblə cəmiyyət arasında qarşıdurma yaratmaqdır. Bu qruplaşmanın başında duranlardan biri təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyevadır. Bakı məktəblərinin idarəçiliyi hələ də onda qalır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təyin etdirdiyi Mehriban Vəliyeva onun təsiri altındadır və Bakı təhsilini onun diqtəsi ilə idarə edir. İndi bu şəbəkələşmiş antimilli qruplaşmanın məktəblərimizə vurduğu zərbələrə diqqət edin:

- Regional Təhsil İdarələri, xüsusilə Bakı şəhər Təhsil İdarəsi intriqa yuvasına çevrilib. Bağçalar bu quruma tabe etdirildikdən sonra bağça müdirlərindən külli miqdarda pul yığımı başlanıb;

- Orta məktəblərin yuxarı siniflərində demək olar, dərslər keçirilmir;

- Məktəblər repetitorlara arendaya verilib;

- Bioqrafiyaları ən natəmiz olan adamları direktor təyin etdirirlər;

- Məktəb qrant layihələrinə ayrılan külli miqdarda vəsaitlər mənimsənilir;

- Məhəbbət Vəliyevanın direktor təyin etdirdiyi bütün məktəblərdə özbaşınalıq və rüşvətxorluq tüğyan edir, bunu bütün respublika bilir;

- Məktəblərdə pul yığımları günü-gündən şiddətlənir;

- Şəbəkəyə yaxın olan məktəb direktorları üçün yaş həddi yoxdur və həmin məktəblərə nəzarət həyata keçirilmir;

- Məktəblərdə kasıb uşaqlarına ögey münasibət bəslənilir.

Bu neqativ halları statusundan asılı olmayaraq kimsə tənqid edəndə Məhəbbət Vəliyeva və onun klan üzvləri: Ramiz Mehdiyevçilər, Əli Həsənovçular və Azərbaycanın əleyhinə olan antimilli şəbəkə işə salınır. Bu antimilli şəbəkə və onların əlaltıları 164 nömrəli məktəbdə “Georgi lenti” kimi antiideoloji və dövlətçilik əleyhinə olan tədbirə reaksiya vermədilər. Son hadisə lisey direktoru Aynur Hüseynovanın iştirak etdiyi əyləncə tədbirində öz müəllimlərini qarşısında oriyental rəqs etdirməsi görüntüləri geniş rezonansa səbəb oldu. Bu şəbəkə müəllim adına yaraşmayan hərəkətlərə bəraət qazandırmağa başladılar. Mən həmin videonu sosial şəbəkələrdə gördükdən sonra bununla bağlı bir cümləlik şərh yazdım. “Müəllim adına yaraşmayan hərəkətdir”- dedim. Hətta videogörüntünü belə paylaşmadım. Bundan sonra Məhəbbət Vəliyevanın mütəşəkkil dəstəsi mənə qarşı böhtan və qarayaxma kompaniyasına başladı. Başladılar özlərində olmayan ali mənəvi dəyərlərdən dəm vurmağa. Gödənini milli dəyərlərindən üstün tutanlar bu millətin düşmənləridir. Bu bədbəxtlər və satılmışlar bilmirlər ki, müəllimin məktəbdəki davranışı ilə kənardakı davranışı eyniyyət təşkil etməlidir. Müəllim hər yerdə şəxsi nümunə olmalıdır. Bütün ölkə bilir ki, həmin məktəbin direktorəvəzi dəstəbaşı Məhəbbət Vəliyevanın əmisi qızıdır. Deyilənlərə görə o, əmisi qızını qorumaq üçün Ramiz Mehdiyevçilərə və Əli Həsənovçulara xeyli məsrəflər sərf etdi. Hətta bunları xaricdə oturmuş, Azərbaycana qarşı siyasi qarayaxma aparan 5-ci kalonun üzvləri də müdafiə edir. İndi görün Məhəbbət Vəliyeva kimlərlə bir çətirin altındadır və onun oyunları həm də siyasi xarakter daşıyır.  

Elm və təhsilin əlifbasına həsrət qalanlardan birinin vicdan asqırtısına isə nazirlik rəsmiləri də diksindi. Ona görə ki, bu şəbəkə onun arvadını imtahansız direktor təyin edib. Bu ciddi qanun pozuntusuna razılaşan yaramaz, indi bizə əxlaq dərsi keçir. Liseyin tarix müəllimi, lisey direktorunun yaxın sirdaşı, liseydəki yığım kampaniyasına rəhbərlik edənlərdən biri, həmkarların sədri Pərviz Ağalarov etiraf edə bilmir ki, biz liseyimizi digər lisey və məktəblər kimi repetitor kurslarına çevirmişik. Bunu ibtidai sinif şagirdləri də bilir. Bu liseyə qəbulun qiyməti barədə bütün respublika danışır və “vicdanlı” tarixçi isə direktora qahmar çıxır. Haşiyəyə çıxıb deyə bilərəm ki, hal-hazırda bu kompaniyanın ən qızğın dövrüdür. Aidiyyəti hüquq mühafizə orqanlarına bu məsələni nəzarətə götürməyə dəvət edirəm. Kişilikdən, qeyrətdən dəm vuran bu adam qalmaqallı 10-cu sinif  “Tarix” dərsliyinin müəlliflərindən biridir və “Velikaya Armeniya” xəritəsi olan bölməni məhz o yazıb. Görün nə işlə məşğuldurlar. 

Partiyaların birində şair və redaktor işləyən, savadsız “Əməkdar jurnalist”, görkəmli Əli Həsənovçunun yazdığı əxlaqsız bir yazını Mehriban Vəliyeva çoxaldıb paylayır. 

Bəlkə burada da şəbəkənin rolunu danasınız?! 5-ci kolonun üzvlərinə, Mehdiyevçilərə və Həsənovçulara xəbərdarlıq edirəm! Caynağınızı Azərbaycan təhsilindən çəkin. Bu dövlətin gələcəyi bu gün məktəblərdə bacardığınız qədər səhv istiqamətə yönəltməyə çalışdığınız gənclərdən asılıdır. 

Unutmayın ki, dövlət də, ayrı-ayrı dövlət strukturları da bunun ciddi şəkildə fərqindədirlər və mən də bütün təzyiq və qarayaxmalara baxmayaraq həmişə bu neqativ və gələcəyimiz üçün təhlükəli olan proseslərin qarşısında olacam və mübarizəmdən geri çəkilməyəcəm.

Etibar Əliyev
Milli Məclisin deputatı

Xəbər lenti