9 iyun 2022-ci il tarixində DİM və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəhbər şəxsləri arasında görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva, DİM-in Direktorlar Şurasının sədr müavini Namiq Babayev, DİM-in İmtahanların təşkili və idarəedilməsi departamentinin müdiri Azər Bağırov, Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov iştirak ediblər.
Anlaşma Memorandumunun məqsədi bədən tərbiyəsi və idman istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarının şəffaflığını təmin etmək, bu sahədə uğurlu beynəlxalq təcrübəni ölkə şərtlərinə uyğun tətbiq etmək və peşəkar kadrların formalaşmasına töhfə verməkdir.
Anlaşma Memorandumunda tərəflərin bədən tərbiyəsi və idman istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanları barədə məlumatlılığın artırılması və lazımi istiqamətlər üzrə birgə tədbirlərin keçirilməsi qeyd edilib. Tərəflər Anlaşma Memorandumu çərçivəsində nəzərdə tutulan tədbirləri sistemli və ardıcıl şəkildə həyata keçirmək üçün operativ qaydada əməkdaşlıq edəcək.
Qeyd edək ki, Anlaşma Memorandumu imzalandığı tarixdən qüvvəyə minib və üç (3) il müddətində qüvvədə olacaq.