10 iyun tarixində “Tək bir Yer Kürəmiz var” devizi altında Ümumdünya Ətraf Mühit Gününə həsr olunan toplantı çərçivəsində bilik yarışması keçirilib.
Tehsil.biz xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilən intellektual yarışda ali təhsil müəssisələrində təhsil alan tələbələr, ekokönüllülər və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Ətraf mühitin mühafizəsi və ekoloji məsələlərə yönəlmiş mövzularla əhatə olunan bilik yarışmasının məqsədi gənclərin ekoloji sahədə biliklərinin artırılmasıdır.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, təhsil naziri Emin Əmrullayev, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Səməd Seyidov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Çaru Bista, eləcə də, digər beynəlxalq təşkilatların nümayəndələrinin, səfirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarının və məşhur simaların iştirak etdiyi toplantının sonunda yarışmanın qalibləri mükafatlandırılıb.
Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Ekologiya kafedrasının assistenti Mədinə Abışova və “ekologiya” ixtisasının tələbələri də iştirak ediblər.
Təşkil olunan intellektual oyun bölməsindəki fəal iştiraka görə ADAU tələbələri sertifikata layiq görülüblər.
Sonda gənc ekoloqları təbrik edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tələbələrə uğurlar arzulayıb.