Heydər Əliyev Fondu və “Technip Energies” şirkətinin birgə təşkil etdiyi “Baku Master Technology Transfer Proqramı”nı (MTTP-2022) bitirən tələbələrin mükafatlandırılma mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Heydər Əliyev Fonduna və “Technip”şirkətinə minnətdarlığını bildirib. Rektor BANM və ADNSU tələbələri üçün təşkil olunan proqramın iştirakçılarına uğurlar arzulayıb. Vurğulayıb ki, hər il 50-yə yaxın tələbə burada təlimlər keçir. Bu yaxınlarda Bakı Ali Neft Məktəbinin məzunu Cavid Məmmədlinin "Technip" şirkətinin Vyetnam üzrə rəhbəri təyin olunması barədə məlumat verən Elmar Qasımov bu şirkətlə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.
"Technip Energies" şirkətinin Baş direktoru Marco Villa, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Heydər Əliyev Fondunun nümayəndəsi Fərhad Böyükzadə və digər çıxış edənlər iştirakçılara uğurlar arzuladılar. Sonra proqramı uğurla bitirən tələbələrə sertifikatlar təqdim edilib.
Mükafatlandırılanlardan 30 nəfəri Bakı Ali Neft Məktəbinin tələbəsidir. Yeri gəlmişkən, uğurlu namizədlərə "Technip" şirkətində iş də təklif olunub.
"Technip" - də 6 aylıq təcrübə üçün qəbul edilən 10 nəfərdən 7 - si Bakı Ali Neft Məktəbinin tələbələridir.
"Baku Master Technology Transfer Proqramı"nda "Technip Energies"şirkətinin Avropada və Azərbaycandakı ofisinin mütəxəssisləri tələbələrə təlimlər keçiblər. Hər modulun sonunda iştirakçılar üçün "workshop" və modul test imtahanları olub. Həmçinin tələbələrin birgə iş bacarıqlarını artırmaq məqsədilə onlar komandalar şəklində müxtəlif tapşırıqları icra ediblər.