Logo

"Sonuncu" filmi beynəlxalq müsabiqədə mükafat qazanıb

12.06.2022 10:25 449 baxış
IMG

Azərbaycanlı rejissorun “Sonuncu” filmi beynəlxalq müsabiqənin baş mükafatına layiq görülüb.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş azərbaycanlı rejissor Fariz Əhmədovun “Sonuncu” adlı sənədli filmi Rusiyanın Çeboksarı şəhərində keçirilən 15–ci Beynəlxalq Kino Festivalında qısametrajlı filmlər üzrə müsabiqədə baş mükafata layiq görülüb.

Kulis.az xəbər verir ki, müsabiqənin tammetrajlı filmlər üzrə münsiflər heyətinə tanınmış kinoşünas, rejissor, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin katibi Ayaz Salayev sədrlik edib.

Mükafata layiq görülmüş bu ekran əsəri festivalda yüksək səviyyədə qarşılanıb. Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin quruluşçu operatoru polşalı kinematoqrafçı Mateuş Çuxnovskidir.

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir.

Qeyd edək ki, “Sonuncu” ötən il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühüm film festivallarında iştirak edib. Eyni zamanda, Bosniya və Herseqovinada keçirilən 15-ci “Jahorina Film Festivalı”nda “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın), Polşada həyata keçirilən “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bronze Castle” (Bürünc Qəsr), 5-ci “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalında “Ən yaxşı yerli sənədli film” nominasiyaları üzrə mükafatlara layiq görülüb.

Bununla yanaşı, Polşanın Torun şəhərində keçirilən 29-cu “EnergaCAMERIMAGE” Beynəlxalq Film Festivalının sənədli filmlər üzrə əsas müsabiqə bölməsində iştirak edib.

Xəbər lenti