Logo

Yaralı əsgərlərə şəfa verən tələbə-həkim: “Saatın əqrəblərini tutub saxlamaq istəyirdik”

13.01.2021 15:57 534 baxış
IMG

Vətən müharibəsindəki qələbənin müəllifləri, sözsüz ki, ilk növbədə döyüşçülərimiz, əsgərlərimizdir. Onlar canları, qanları hesabına bizə bu sevinc göz yaşlarını bəxş etdilər. Amma gərək səhiyyə işçilərimizi də unutmayaq. Çünki həkimlərimiz yüzlərlə yaralı əsgərin ailələrinə sağ-salamt qovuşması üçün, yeri gələndə öz ailələrini unutdular. Günlərlə yuxusuz qaldılar, yaralının doğmalarıtək əllərini açıb onların şəfa tapması üçün dua etdilər….

 

Onların arasında tələbələr də var idi. Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbəsi Qiyas Heydərov Vətən müharibəsi yaralılarına tibbi yardım göstərən təbiblərdəndir. O, özünün fədakarlığı barədə bunları deyib: “Mən 2019-cu ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında işləyirəm. 2000-ci  ilin aprelindən avqustun ortalarınadək burada koronaviruslu xəstələrlə məşğul olurduq. Sonra klinikamız təmirə bağlandı. Ardınca isə Vətən müharibəsi başlandı. Sentyabrın 27-dən bu yana yaralı əsgərlərimizin şəfa tapmasına çalışıram. Əslində klinikada işləməsəydim belə, indiki məqamda onlara kömək olmaq üçün könüllü müraciət edərdim. Çünki bu, bizim borcumuzdur. Əgər hərbçilərimiz torpaq qarşısındakı borclarını layiqincə ödədilərsə, bunu, əlbəttə, biz də etməliyik. İnanın, çox çətin idi - zamanla mübarizə aparırdıq. Əsgərlərimizin taleyini saniyələr həll edirdi. Ona görə də çox zaman saatın əqrəblərini tutub saxlamaq istəyirdik. Həm də döyüşdən gəldiklərinə görə, bəziləri çox aqressiv idi. Hətta tibbi müdaxiləyə qarşı çıxır, yenidən hərb meydanına, dostlarının yanına qayıtmaq istədiklərini deyirdilər. Mən indiyədək belə bir vəfa, sadiqlik nümunəsi görməmişdim. Üzü-gözü qan içində, bədənində onlarca qəlpə yarası olan əsgər özünü unudub, yoldaşını düşünürdü”.

 

Qiyas hələ də ağ xalatı çıxarmadığını deyib: “Normal iş günü 8 saat olmasına rəğmən, iki dəfə çox işləyirdik. Şükür, Allahın da köməkliyi ilə xeyli əsgərimizi sağalda, həyati təhlükələrini dəf edə bildik. Artıq elə vəziyyət yaranmışdı ki, bizi Füzuliyə ezam etmək məsələsi gündəmə gəlmişdi. Əlbəttə, məmnuniyyətlə gedərdim. Amma bir neçə gün sonra müharibənin bitdiyini öyrəndik. Hələ mülki həyata qayıtmamışam. Və bunun nə vaxt olacağını bilmirəm. Yaralı hərbçilərimizə şəfa verməkdəyik. Əgər koronavirusa yoluxanların sayı növbəti dəfə artarsa, yenidən əvvəlki fəaliyyətimə qayıdacam. Fürsətdən istifadə edib, bu müddət ərzində mənə lazımi dəstəyi verdiklərinə görə, BDU-nun və Biologiya fakültəsinin rəhbərliyinə və müəllimlərimə minnətdarlığımı bildirəm. Sonda bunu demək istəyirəm: həyatın nə qədər gözəl olduğunu yalnız onunla vidalaşmağa yaxın olanda anlayırsan. Oxucularımızdan xahiş edirəm ki, özlərini qorusunlar. Biz hər iki düşməmə birlikdə qalib gələk”.

 

Kənan Novruzov,

BDU-nun Jurnalistika fakültəsinin magistrantı

Xəbər lenti