Logo

Orta məktəbdə siniflərə şəhidlərin adı verildi

13.01.2021 17:57 1143 baxış
IMG

Ağdam rayonu 35 saylı tam orta məktəbin müəllim və şagird kontingenti Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı maraqlı layihəyə imza atıb.

 

Tehsil.biz xəbər verir ki, məktəbin direktoru İradə İbrahimovanın təşəbbüsü ilə həyata keçirilən layihə qəhrəmanlarımızı tanıtmaq, xatirələrini dərin ehtiramla yad edərək, könüllərdə yaşatmaq məqsədi daşıyır.

 

İradə xanım deyir ki, “Hələ müharibə zamanı cəbhədə böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının şücaətlərinin yaddaşlarda necə həkk edilməsi barədə düşünürdüm. Və müharibədən sonra belə bir ideya fikirləşdim ki, hər bir sinifə şəhidlərimizin adını verək və şəkilləri siniflərdə asılmaqla yanaşı, haqlarında videoçarxlar hazırlayaq. Bunu ona görə edirik ki, məktəblilər hər dəfə şəhidlərimizin şəkil və videolarına baxdıqca adlarını əzbərləsinlər, qəhrəmanlıqlarını unutmasınlar”.

 

Qeyd edək ki, artıq 35 saylı məktəbdə bu təşəbbüslə bağlı layihə tam olaraq həyata keçirilib. Və məktəb üzrə bütün siniflərdə şəhidlərin fotoşəkilləri asılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan Həsənağa Şirvani, onlarca yaralı əsgərimizin həyatını xilas edərək həlak olan həkim Turqut Xəlilbəyli, Füzuli, Zəngilan, Qubadlının işğaldan azad olunmasında mərdliklə vuruşaraq, Şuşada həlak olan Murad Əliyev, tanınmış idmançı, baş leytenant Muxtar Qasımlı, 19 erməni əsgərini məhv edən kapitan Nəcəf Şikarov və digər şəhidlərimizin məktəblilərin iştirakı ilə hazırlanan videoçarxları həm siniflərdə, həm də sosial şəbəkələrdə nümayiş etdirilməkdədir.

 

Direktor onu da bildirib ki, məktəb kollektivi postmüharibə dövründəki fəaliyyətini bununla yekunlaşdırmayaraq, mütəmadi olaraq Binə sovxoz adlanan ərazidə yaşayan şəhid ailələrini ziyarət etməklə də mənəvi borcunu yerinə yetirmiş olur. İ.İbrahimovanın sözlərinə görə, kollektiv artıq 10-a yaxın ailəyə baş çəkərək, sovqat aparıb, eyni zamanda, onların kədərinə şərik olaraq qayğıları ilə maraqlanıb.

 

İradə xanım şəhidlərimizin iri şəkillərinin hazırlanaraq, məktəbin giriş hissəsində asılması işinin təşkili barədə düşündüklərini də qeyd edib: “Yaxın günlərdə məktəbin hasarı boyunca şəhidlərimizin fotolarını vurdurmaq planımız da var. Düşünürəm ki, bunu etməklə nəinki şagirdləri, həmçinin məktəb ətrafından keçən bütün insanları şəhidlərimizlə tanış edə, onları yaddaşlarda əbədiləşdirə bilərik”.

Xəbər lenti