Goranboy rayonunda sabah baş tutacaq "Son zəng"ə hazırlaşan məzunu it dişləyərək yaralayıb.
Bizim.Media-nın məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində yerləşən məktəbin həyətində baş verib.
Məktəbin 11-ci sinif şagirdi Hüseynov Murad Gündüz oğlu təhsil ocağının həyətində gəzən zaman sahibsiz itlərdən birinin hücumuna məruz qalıb.
Xəstəxanaya aparılan şagirdə zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.
Zərəçəkənin atası Gündüz Hüseynovun dediyinə görə, övladının başına gələn təkcə son 10 gündə qeydə alınan 4 cü hadisədir. Qonşu kəndlərdə yerləşən məktəb və bağçalar sahibsiz itlərin məskəninə çevrilib.
"Ötən gün uşağını məktəbə gətirən bir qadın da itlərin hücumunə məruz qalıb", - deyə Gündüz Hüseynov vurğulayıb. Məsələ ilə bağlı Goranvoy Rayon İcra Hakimiyyətinin Qızılhacılı qəsəbəsi üzrə ərazi icra nümayəndəsi və qəsəbənin bələdiyyə sədri ilə əlaqə saxlasaq da, insanların narahatlığına rahatlıq gətirəcək bir açıqlama almaq mümkün olmayıb.
Adıçəkilən rəsmi qurum təmsilçiləri cavabdehliyi biri-birinin üzərinə ataraq cavab verməkdən yayındılar.