"Məktəb həyatı haqda qayğı bütün bəşər tarixindən keçir, cəmiyyətin özünün həyatı isə bütün dövrlərdə məktəb haqda fikirlərlə zəngin olub".
Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.
Millət vəkili qeyd edib ki, insan və cəmiyyət özlərinin ən böyük arzu və ümidlərini məktəblə bağlayır: "İnsanlar məktəbin həyatı ilə yaşayır, ən saf idealların burada həyata keçəcəyinə ümid bəsləyir. Məktəbdə bizə keçmişimiz bəlli olur, bu günümüz yaradılır və gələcəyimizə yol çəkilir. Bu keçmişimizin, indimizin necəliyi əsas etibarilə bizim hansı məktəb qurmağımızla müəyyənləşdirilir".
Etibar Əliyev bildirib ki, məktəbin üzərinə belə mühüm vəzifə qoymaqla cəmiyyət keçmiş, bu gün və gələcək qarşısında məsuliyyət daşımış olur: "Əgər məktəb öz sosial vəzifəsini yerinə yetirərsə, gələcək ona dərin minnətdarlıq hissi ilə yanaşar. Lakin əgər məktəb bu ümidləri boğarsa, o, təlatümlər və amansız tənqid obyektinə çevrilə bilər. Məktəbə laqeydlik keçmişə və gələcəyə laqeydlik deməkdir. Məktəb həyatına etinasız yanaşan cəmiyyət özünün heç ortabab gələcəyinin olmasına da ümid bəsləyə bilməz".
Deputatın fikirlərinə görə, ömrümüzün böyük hissəsini məktəb həyatı, məktəb haqda fikir və qayğılar tutur: "Məktəb həyatımızın ahəngini təyin edir. Məktəb həyatının nəbzinin vurmasında biz cəmiyyətin vəziyyətinin necə olduğunu sezirik. Məktəb həyatı ilə cəmiyyətin sağlamlığı arasında sıx əlaqə var. Xəstə cəmiyyət mütləq məktəbi də yoluxdurur, xəstə məktəbdən isə bu viruslar gələcək nəsillərə keçir. Xəstə valideyn hər şeydən əvvəl öz övladını yoluxdurmamaq haqda düşündüyü kimi xəstə cəmiyyət də hər şeydən öncə məktəbi dövrün sosial xəstəliklərindən qorumaq barəsində düşünməlidir. Məktəbi xilas edən cəmiyyət öz gələcəyini xilas etmiş olur".
Millət vəkili bildirib ki, məktəb mühitini korlayanlar, məktəbi şəxsi mənafelərinə qurban verənlər şiddətli şəkildə qınanılmalıdır: "Məktəb idarəçiləri təcrübəli pedaqoqlar, yaxud alimlər olmalıdır. Bu gün məktəbin düşdüyü durumu sakitcə izləyənlər, yaxud dağıdıcılara dəstək verənlər gələcəkdə böyük peşmanlıq hissi keçirəcəklər. İtirilmiş zaman isə yalnız dərindən köks ötürməklə müşahidə olunur. Məktəb uşqlarda gələcəyə optimist hisslər aşılamalıdır. Məktəb uşağı ruhdan salmamalı, bizlər uşaqların ruhdan düşməsinə imkan verməməliyik".