Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Texnofest – Azərbaycan”, XVII Beynəlxalq Jautika, Beynəlxalq Kimya və Beynəlxalq Mendeleyev olimpiadaları, “Sabahın alimləri” Respublika Müsabiqəsi və İSEF- Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edərək uğur əldə edən şagirdlərlə görüşüb.
Tehsil.biz xəbər verir ki, görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və şagirdlərin müəllimləri iştirak ediblər.
Niyazi Bayramov bildirib ki, Azərbaycanın gələcəyi savadlı və bacarıqlı gənclərin əllərindədir. Məhz buna görə də bu gün ölkəmizdə təhsilin inkişafına, ixtisaslı kadrların hazırlanmasına dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Şəhər rəhbəri şagirdləri əldə etdikləri nailiyyətlərlə bağlı təbrik edib, uğurlar arzulayıb və hədiyyələr təqdim edib.
Xatırladaq ki, “Texnofest – Azərbaycan” festivalında “DN4” layihəsi ilə iştirak edən Gəncə şəhər 26 nömrəli məktəb-liseyin şagirdi Nəzrin Budaqova və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Nuray Əliyeva "Baku skills" kateqoriyası üzrə I yerə, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin "Metaverse" komandası isə II yerə layiq görülüb.