Logo

Mehriban Vəliyeva: "Təhsil daim inkişafda olan, dəyişən, yeniləşən bir sahədir"

14.06.2022 10:50 450 baxış
IMG

Daha bir tədris ili başa çatdı. İlin yekunlarına, əldə olunan nəticələrə nəzər salmadan öncə 2021/2022-ci dərs ilinin başa çatması münasibətilə həm məzunları, həm də müəllim və valideynləri təbrik edirəm. Əminəm ki, birgə çəkilən zəhmətin uğurlu nəticəsini məzunlarımız bundan sonrakı təhsil həyatlarında, gələcək həyat yollarında görəcəklər.

Bunu tədris ilinin yekunları ilə bağlı AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva söyləyib. Məlum olduğu kimi, koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkədəki mövcud durum, yoluxma dinamikası dəyərləndirildikdən sonra 2021/2022-ci tədris ili mərhələli şəkildə ənənəvi təhsilə qayıdış ili oldu. Bütün səylər, imkanlar səfərbər olundu ki, yeni tədris ilini hər birimizin arzuladığı ənənəvi təhsillə açaq və buna da nail olduq. Əvvəlcə ibtidai siniflər, bir qədər sonra digər siniflər əyani tədrisə başladı. Əlbəttə ki, qarşımızda məsuliyyətli bir tədris ili var idi. Çünki pandemiya şəraitində təhsilin ənənəvi qaydada davam etdirilməsi məktəbin və müəllimlərin üzərinə şagirdlərin sağlamlığı, təhlükəsizliyi baxımından daha böyük vəzifələr qoyurdu. Şükürlər olsun ki, bu məsuliyyətli dönəmi də təhsili idarəetmə qurumları, müəllim, şagird və valideynlərin birgə əməkdaşlığı, eləcə də cəmiyyətin, ictimaiyyətin dəstəyi ilə uğurla adlamağı bacardıq. Dərs ilinin sonunda, ilk növbədə, ümumi göstəricilərə, nəticələrə qısa da olsa nəzər salmaq istərdim. Yola saldığımız tədris ilində BŞTİ tərəfindən təhsildə keyfiyyətin davamlılığını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bütün imkanlar səfərbər edildi. Məlumat üçün qeyd edim ki, BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir. 2021/2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 470 min 517 şagirdin təlim-tərbiyəsi ilə 29 min 115 müəllim məşğul olub. Paytaxtın ümumi təhsil müəssisələrinin I siniflərini 46 min 470, IX siniflərini 35 min 100, XI siniflərini 23 min 505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirib. Paytaxt üzrə 275 ümumi təhsil müəssisəsində 1070 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib ki, bu qruplara 25 min 484 uşaq cəlb olunub.

Uzun müddətdir ki, ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilir. Bu, şəffaflığın təmin olunması ilə yanaşı, məktəbləri və valideynləri elektron xidmətlərin fəal iştirakçısına çevirir. 2021/2022-ci tədris ilində 45 min 141 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Yola saldığımız tədris ilində əldə olunan uğurlara nəzər salarkən BŞTİ-nin Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən 20 məktəbin inkişaf planının hazırlanmasını qeyd etmək istərdim. İnkişaf planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər. İnkişaf planlarının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək. Bu istiqamətdə aparılan monitorinqlərdən BŞTİ rəhbərliyinin Çilov adasındakı 131 nömrəli tam orta məktəbə getməsini xüsusilə qeyd etmək istərdim. Xəzərin uzaq sahillərində yerləşən ada məktəbinə getməkdə məqsəd təhsil ocağının fəaliyyəti ilə tanış olmaq, müəllim, şagird və valideynlərlə görüşlərin təşkili, təhsil müəssisəsinin perspektiv inkişaf planı və digər müvafiq məsələlərlə bağlı müzakirələrin aparılmasından ibarət idi.

2021-2022-ci tədris ilində paytaxtdakı 15 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunub. Məktəblərdə peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir. Bakı şəhəri üzrə 5 ümumi təhsil müəssisəsində 112 şagird inklüziv təhsilə cəlb edilib. İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir. Bundan başqa, müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaratmaq məqsədilə paytaxt üzrə 178 məktəbdə 489 şagird fərdi təhsilə cəlb edilib.

Yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsi məqsədilə təşkil olunmuş “Kiçik akademiya”lar BŞTİ-nin tabeliyində olan 307 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir. Yola saldığımız tədris ilində “Kiçik akademiya”lara 10 000-dən artıq şagird cəlb olunub.

Paytaxt məktəbliləri 2021/2022-ci tədris ilində ciddi nailiyyətlərə imza atıblar. Belə ki, tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 55 paytaxt məktəblisi qalib olub. Onlardan 8 nəfər qızıl, 19 nəfər gümüş, 28 nəfər bürünc medal qazanıb. Həmçinin Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 21 paytaxt məktəblisi qalib olub. 1 nəfər I, 6 nəfər II, 14 nəfər isə III yerin sahibi olub. Bundan başqa, Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVIII Beynəlxalq Jautikov Olimpiadasında məktəblilərimiz 3 gümüş və 12 bürünc medal qazanıblar.

Təhsil infrastrukturu dövlətin daim diqqət mərkəzində olan bir məsələdir. 2021/2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Dörd təhsil müəssisəsinin – 71, 88, 292 və 304 nömrəli tam orta məktəblərin açılış mərasimlərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bundan başqa, Prezidentin müvafiq sərəncamlarına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 63 nəfər təhsil işçisi təltif edilib. Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 1 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Paytaxt üzrə 7 müəllim isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Başa vurduğumuz tədris ili, həmçinin “Şuşa İli” ilə yadda qaldı. Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etmək məqsədilə “Şuşa İli” çərçivəsində silsilə tədbirlər həyata keçirilib. Paytaxt məktəblərində “Ata vəsiyyəti – Şuşam”, “Könlüm keçir Qarabağdan”, “Qarabağa qayıtdıq”, “Qüdrətinlə fəxr edirik, Azərbaycan!” adlı tədbirlər, “Şuşa, sən azadsan!” mövzusunda ədəbi-bədii kompozisiya və “Şuşada bir gün” adlı festival təşkil olunub. Başa çatan tədris ilində BŞTİ tərəfindən bir sıra uğurlu layihələrə start verilib. Bu sırada təhsil gündəmində olan maraqlı mövzuların müzakirəsi ilə “Gündəm təhsildir” layihəsi, “Təbiəti qoruyanlar”, ölkənin tanınmış ziyalıları və ictimai maraq doğuran şəxslərlə məktəblilərin görüşünə həsr olunan “Məktəbdə...” layihəsi, paytaxt məktəblərində təhsil alan istedadlı, təşəbbüskar məktəblilərin uğurlu startap layihələrindən bəhs edən “Məktəbli startapçılar” və digər maraqlı layihələri qeyd etmək olar.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də xüsusi olaraq vurğulanır ki, təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir. Sənəddə qeyd olunan bütün bu hədəflər milli təhsilimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından müstəsna əhəmiyyət daşıyır. Bu prizmadan çıxış edərək söyləyə bilərəm ki, 2021/2022-ci tədris ilinin yekunu pandemiya dövründən sonra elm, texnologiya bayramı kimi qeyd olundu. Ölkəmizdə ilk dəfə baş tutan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı Azərbaycan və Türkiyənin dost, qardaş, müttəfiq ölkələr olduğunu bir daha bütün dünyaya nümayiş etdirməklə yanaşı, həm də istər Azərbaycanda, istərsə də Türkiyədə yetişən gəncliyin elm və texnologiyaya böyük maraq göstərdiyini, daim yeniliyə, müasirliyə can atdığını sübut etdi. Məktəbli və tələbələrin dünya elm və tədqiqat trendini mənimsəməsinə yönələn “TEKNOFEST” bir növ elm, texnologiya sahəsində gənclərin müsabiqəsini xatırladırdı. Bu festival zəkalarda, nəzəriyyələrdə gizlənən ideya və yeniliklərin üzə çıxmasına şərait yaratdı.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Bakı Elm Olimpiadasını və əldə olunan uğurlu nəticələri xüsusilə qeyd etmək istərdim. Olimpiadanın keçirilməsində məqsəd şagirdlərin təbiət fənləri üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarını artırmaq, onların bu sahədə XXI əsr təməl bacarıqlarını təkmilləşdirmək, intellektual səviyyələrini yüksəltmək və istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdir. Elm, bilik insanın ən qiymətli sərvətidir və təsadüfi deyil ki, həyatın, kainatın bütün sirlərinin açarı məhz elmdədir. Həqiqətən də bəşəriyyəti təlatümlərdən, fəlakətlərdən həmişə elm, elm adamları çıxarıb. Bu mənada Bakı Elm Olimpiadası məktəblilərin nəzəri biliklərinin təcrübədə tətbiqi və komandada işləmək vərdişlərinin inkişaf etdirilməsinə şərait yaratmış oldu. İnanırıq ki, uğur qazanan, qızıl medala layiq görülən şagirdlərimizin bu Olimpiada ilə başlayan yolları onların gələcək elmi nailiyyətləri üçün açar rolunu oynayacaq.

Qarşıdan məktəblilərin yay istirahəti gəlir. Onların asudə vaxtlarını daha yaxşı dəyərləndirmələri üçün valideynlərin üzərinə böyük məsuliyyət düşür. Valideynlər övladlarını yorulmadan öyrənməyə həvəsləndirməlidirlər. Yeri gəlmişkən, bir məsələni də qeyd edim ki, ötən tədris ilinin sonunda olduğu kimi, bu dəfə də təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi məqsədilə iyunun 16-dan başlayaraq 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi” təşkil ediləcək. Bu müddət ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur ki, bütün bunlar da məktəblilərə yorulmadan öyrənmək vərdişlərini aşılayır.

Tədris ilinin yekunlarından danışarkən toxunduğumuz bu məsələlər, əlbəttə ki, fəaliyyətimizin yalnız kiçik bir hissəsidir. İl ərzində görülən işlər, həyata keçirilən çoxsaylı layihələr təhsilin keyfiyyətinin artırılması işinə xidmət edib. Çünki təhsil daim inkişafda olan, dəyişən, yeniləşən bir sahədir. Odur ki, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərimizə yeni tədris ilində də birgə fəaliyyətimizlə davam edəcəyik. Bu birgə fəaliyyətdə məktəb, müəllim, şagird, valideyn, bilavasitə və dolayısı ilə bütün ictimaiyyətin öz payı, töhfəsi olacaq. Çünki təhsil cəmiyyətin bütün təbəqələrini düşündürən bir sahədir. Elə bir ev, ailə yoxdur ki, bu və ya başqa şəkildə təhsillə, məktəblə əlaqəsi olmasın. Deməli, məktəbin fəaliyyəti cəmiyyətin gözü qarşısındadır, uğurlar da, çatışmazlıqlar da insanlardan gizli deyil. Təhsilin, məktəbin uğuru bir fərdin deyil, ümumilikdə sağlam, savadlı gələcəyə hesablanmış uğur olaraq qiymətləndirildiyi kimi mövcud çatışmazlıqların həllində də cəmiyyət öz köməyini əsirgəməməlidir. Birgə fəaliyyət dediyimiz də elə budur. İnanırıq ki, ən böyük uğurlarımız birgə fəaliyyətimizdən doğacaq. Bu gün ölkənin bütün ümumtəhsil məktəblərində əlamətdar gündür. Onbirincilər üçün doğma məktəblərinin son zəngi çalınır. Məktəb həyatını bitirib məzun adını qazanan hər kəsi təbrik edir, müstəqil həyatda atdıqları hər bir addımda onlara müvəffəqiyyət qazanmağı diləyirəm. Əminəm ki, məktəbin, müəllimlərin və valideynlərin onlara göstərdikləri etimadı layiqincə doğruldacaqlar. Bir daha bütün təhsil iştirakçılarına uğurlar, qarşıdakı yay tətilində səmərəli istirahət arzu edirəm.

Xəbər lenti