Logo

“Refleksiv müəllim” seminarlarında dərs icmalları müzakirə edilib

14.06.2022 13:33 291 baxış
IMG

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam etdirilir.

İnstitutdan bildirilib ki, Bakıdakı 51 nömrəli tam orta məktəbdə riyaziyyat fənnini tədris edən müəllimlər üçün seminar keçirilib. Seminar zamanı məktəbin riyaziyyat müəllimi Elnarə Babayeva V sinif dərsliyində olan “Mümkün hallar, əlverişli hallar” mövzusu üzrə dərs icmalı təqdim edib. Müəllimin təqdim etdiyi icmal əsasında yəqin, mümkün olmayan və təsadüfi hadisələrin fərqləndirilməsi, mümkün və əlverişli halların təyin olunması, dərs zamanı istifadə olunan texnikalar, tapşırıq formaları, şagirdlər üçün müəllimin istifadə etdiyi formativ qiymətləndirmə üsulu kimi məsələlər ətrafında müzakirələr aparılıb, rəy və tövsiyələr dinlənilib.

Növbəti seminar 35 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün təşkil olunub. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aybəniz Məmmədova VI sinif dərsliyində olan “Cümlənin qrammatik əsası, mübtəda və onun ifadə vasitələri” mövzusunda icmal təqdim edib. İcmal əsasında cümlədə mübtədanın ifadə vasitələrini müəyyənləşdirmək, leksik və qrammatik mənalarına görə sözlərin adlandırılması, qrup tapşırıqlarının hazırlanması, fəndaxili inteqrasiya məsələləri ilə bağlı müzakirələr aparılıb.

Xəbər lenti