2022-ci ilin 13 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Vətəndaşların konstitusion hüquq və vəzifələri. Təhsil hüququ” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova insan hüquqlarının qorunması və davamlı olaraq təkmilləşdirilməsi sahəsində ölkəmizdə həyata keçirilən siyasətdən bəhs edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 18-i respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur.
Ənənəvi olaraq, hər il mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” elan edildiyini diqqətə çatdıran E.Cəfərova bu çərçivədə universitetdə keçirilən hüquqi maarifləndirmə tədbirinin önəmini vurğulayıb.
Sonra, MDU-nun hüquqşünası Elvin Abbasov məruzə ilə çıxış edib.
Məruzədə demokratik, hüquqi və dünyəvi dövlət anlayışlarından, əsas insan və vətəndaş hüquqları və azadlıqlarından, vətəndaşların əsas vəzifələrindən bəhs edilib və təhsil almaq hüququnun təfərrüatları diqqətə çatdırılıb.
Sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da təhsil alanların və təhsil verənlərin hərtərəfli inkişafı məqsədilə müvafiq tədbirlərin keçirilməsinə, eləcə də hüquqi maarifləndirmə işlərinin aparılmasına xüsusi önəm verilir.