Logo

FHN Akademiyasında Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

14.06.2022 20:09 293 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev, Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ali təhsil ocağının professor-müəllim heyəti və kursantlar iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi Baba Salayev xalqımızın ulu öndəri Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, ölkəmizin çağdaş tarixi dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bilavasitə bağlıdır. O, qeyd edib ki, ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı kimi tarixə düşən 15 iyun Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinin başlanğıcıdır. 1993-cü ildə Azərbaycan təkcə siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi. Ölkəmizin dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi var idi. Məhz Ümummilli Liderin 15 iyun 1993-cü ildə Azərbaycanda xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıdışı nəticəsində milli müstəqilliyimiz qorundu. Bununla da Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli və əzəmətli mərhələsinə qədəm qoydu. Həmin mərhələnin baş memarı isə ümummilli lider Heydər Əliyevdir.

B.Salayev çıxışına davam edərək diqqətə çatdırıb ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş mütərəqqi siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün aparılmış 44 günlük tarixi Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə bunun əyani sübutudur.

Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri Sadiq Qurbanov ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm məqamlarına toxunub. O, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.

Sadiq Qurbanov Azərbaycan xalqının qazandığı tarixi Qələbədən söz açaraq vurğulayıb ki, ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, cənab Prezidentin müdrik rəhbərliyi və böyük siyasi iradəsi sayəsində Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımız şanlı Ordumuz tərəfindən cəmi 44 gün ərzində azad edildi. 15 iyun bu Qələbəyə gedən yolun başlanğıcı idi.

Xəbər lenti