15 İyun Azərbaycanda Milli Qurtuluş Günüdür. 1993-cü il hadisələrinin üzərindən uzun illər keçməsinə baxmayaraq, bu tarixi günün təqvimə necə daxil olduğunu həmin təlatümlü dövrü yaşayanlar çox aydın xatırlayır.
XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etmiş, amma qısa zaman içərisində onu itirmək təhlükəsi ilə üzləşmişdi. Ortada iki səbəb var idi:
-Böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik ölkəmizin tam müstəqil olmasını başqa ölkələrdə bəzi dairələrin gözü götürmür, bunun üçün Azərbaycanın daxilində hər vəchlə siyasi gərginlik yaratmağa çalışırdılar.
-Ermənistanın torpaqlarımıza təcavüzü, ərazilərimizin itirilməsi ölkəni zəiflətmiş, daxildə ciddi hakimiyyət çəkişməsi başlamış, 1992-ci ilin iyun ayında iqtidara gəlmiş qüvvələr xalqın etimadsızlığı ilə üzləşmişdi.
Xalq həmin iqtidara güvənini itirmişdi və tam haqlı idi. Çünki Azərbaycanda dövlətçiliyin mövcudluğuna təhdid yaradan səriştəsizlik və hərc-mərclik hökm sürürdü. Məmur postlarına təyin olunmuş insanlar siyasi və intellektual keyfiyyətləri baxımından yerində deyildi.
Dövlət idarəetməsindəki təcrübəsizlik qonşu ölkələrlə münasibətlərə də öz mənfi təsirini göstərmiş, irəli sürülən əsassız iddialar bəzi ölkələrlə əlaqələri korlamışdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi.
İqtidar hakimiyyət sükanını faktiki əlində saxlaya bilmirdi. Dövlət idarəçiliyi sisteminin pozulması ilə ölkədə silahlı dəstələr baş qaldırmış, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meylləri meydana çıxmış, bütün bunlar ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmış, Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
Azərbaycan xalqının düşdüyü bu dramatik, təhlükəli vəziyyətdən qurtuluşunun yeganə yolu güclü lider faktoruna bağlı idi. Bu lider nüfuzlu siyasətçi, fenomen şəxsiyyət, o zaman Naxçıvanda yaşayan və Muxtar Respublikanın Ali Sovetinin sədri vəzifəsində çalışan Heydər Əliyev idi və onun Bakıya, siyasi hakimiyyətə çağırılması böyük əhəmiyyət daşıyırdı.
1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün sözün həqiqi mənasında, ölkəmizin həyatında dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. Bütün bu vəzifələr Heydər Əliyevin üzərinə Azərbaycanı məhv olma təhlükəsindən qurtarmaq missiyasını qoydu.
Bu, tarixi missiya idi və üç mühüm amilə söykənirdi:
-Xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi;
-Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti;
-Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi.
Heydər Əliyev bu missiyanı bacardı və adını tarixə Vətəninin, xalqının xilaskarı kimi yazdı.Ulu Öndər ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu. Azərbaycan dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanındı. Beynəlxalq aləmdə layiqli yerini tutdu.15 iyun dövlətçilik tariximizin şanlı qürur səhifəsi oldu.1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram elan etdi.
Bu proseslərin davamı da göstərdi ki, Heydər Əliyevin siyasi hakimiyyətə çağırılması və xalqın dəstəyi ilə iqtidara gəlməsi Azərbaycanın uğurlu gələcəyi baxımından ən düzgün yol idi. Azərbaycan daim inkişaf etdi. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanların öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.
Bütün həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, müasir müstəqil Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib.
Bu gün Ümummilli Liderin siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yürütdüyü mükəmməl siyasət nəticəsində ölkəmiz yeni-yeni nailiyyətlər qazanır, güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirir, işğaldan qurtarılan, erməni vəhşiliyinin izlərini daşıyan Qarabağın dünyanın ən gözəl guşələrindən birinə çevrilməsi, buraya Böyük Qayıdışın başlanması üçün nəhəng işlərə imza atır...
V.ALLAHVERDİYEVA