Logo

Məktəbi döyüş meydanına dəyişərək şəhidlik zirvəsinə ucalan müəllim - FOTO

14.01.2021 02:01 888 baxış
IMG

Vətən müharibəsində peşəsindən asılı olmayaraq hər kəs düşmənə qarşı bir yumruq kimi birləşdi. Bu savaşda qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə yüksələn müəllimlər də oldu. Məktəbi döyüş meydanına dəyişərək şəhid olan müəllimlərimizdən biri də Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbin fiziki tərbiyə müəllimi Vəliyev Vüqar Emin oğludur.

 

TEHSİL.BİZ AZƏRTAC-a istinadən bildirir ki, Vüqar Vəliyev Ağdam rayonunun Rzalar kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Vüqar 2017-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğur əldə edərək pedaqoji fəaliyyətə başlayıb. Cəmi bir il müəllimlik edən Vüqar Vətən müharibəsi başlayanda məktəbi döyüş meydanına dəyişib. Strateji yüksəkliklərin azad olunmasında rəşadətlə döyüşüb. Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

 

Şəhidin anası Gülzadə Vəliyeva bildirib ki, atasız böyüyən Vüqar uşaq vaxtlarından zəhmətkeş olub. Evin bütün qayğıları onun çiyinlərində idi. Peşəsini çox sevirdi. Şagirdlər də onu sevirdilər. "Vətəni bizdən üstün tutdu. Şəhid olandan sonra yuxuma girmişdi. Deyirdi yerim yaxşıdır, ağlama. İstəyim odur ki, Vüqar şəhid olan yerə gedim", - deyə o qeyd edib.

 

Vüqarın əmisi Əfəndi Vəliyev onun vətənpərvərliyindən danışıb. Bildirib ki, Vüqar düşmənə qisas hissi ilə böyüyüb. "Vüqarın vətənpərvər ruhda böyüməsinə təsir göstərən amillərdən biri də kəndimizin təmas xəttində yerləşməsi, illərdir atəş altında yaşamağımız olub. Vüqar vətənpərvərliyini əməli ilə göstərdi. Torpaqlarımızın azadlığı uğrunda şəhid oldu. Onun dəfni zamanı da düşmən kəndimizi atəşə tutmuşdu. Buna baxmayaraq camaat heç nədən qorxmadan, dəfn mərasimində iştirak etdi. Allahdan bütün şəhidlərə rəhmət diləyirəm".

 

Şəhidin bacısı Gülnar Məmmədova qardaşı barədə fəxrlə danışıb: "Ailədə bir qardaş, bir bacı olmuşuq. Atamızı kiçik yaşımızda itirmişik. Uşaqlığımız çətin keçib. Vüqar mənə həm qardaş, həm də ata olub. Mənim təhsil almağımda onun əməyi çox olub. Bu gün qardaşımı itirsəm də, onunla fəxr edirəm".

 

Qeyd edək ki, şəhid Vüqar Vəliyev Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

 

 

 

Xəbər lenti