Azərbaycan müstəqillik əldə etdikdən sonra böyük təhlükələrlə üzləşməyə başladı. Bu təhlükələrin yaranmasının əsas səbəbi bəzi daxili və xarici qüvvələr idi. Güclənməkdə olan qüdrətli Azərbaycan dövlətinin zəngin təbii resurslara, coğrafi mövqeyə sahib olması bir sıra dairələri narahat edirdi.
Müstəqilliyimizin ilk illərində AXC-Müsavat iqtidarının səriştəsiz idarəetməsi, ölkənin bəzi bölgələrində yayılan separatçılıq, özbaşınalıq yeni əldə olunan müstəqilliyimizi uçuruma aparırdı. Torpaqlarımızın işğal edilməsi, digər ölkələrlə münasibətlərimizin korlanması, heç bir idarəetmə təcrübəsi olmayan şəxslərin vəzifələrə gətirilməsi və digər bu kimi problemlər AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyətinin nəticəsində baş vermişdi.
Məhv olma təhlükəsi ilə üzləşən ölkəmizə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə dönüşü ilə yeni nəfəs gəldi. Artıq ölkədə hər kəs inanırdı ki, Azərbaycanı bu acınacaqlı durumdan yalnız ümummilli lider Heydər Əliyev çıxara bilər. Heydər Əliyev hakimiyyətə gələrək torpaqlarımızın düşmən tərəfindən davamlı işğalının qarşısını aldı, əhalini düşdüyü sosial problemlərdən xilas etdi, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu.
1993-cü il iyunun 9-da Heydər Əliyevin xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəlməsi ilə güclü, müstəqil Azərbaycanın təməli qoyuldu. Bundan 6 gün sonra, iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin tarix Milli Qurtuluş Günü kimi ölkəmizin tarixinə qızıl qələmlərlə yazıldı.
Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı müstəqil və bütöv görmək idi, onun əsas məqsədlərindən biri qısa bir zaman ərzində işğal edilmiş torpaqlarımızın azad edilməsi idi. Dahi liderin bu arzusunu onun layiqli davamçısı olan cənab Prezident İlham Əliyev uğurla yerinə yetirdi.
Xalqın dahi şəxsiyyətə olan inamı ilə Heydər Əliyevin qüdrəti, əzmi, vətənə olan sevgisi bir araya gələrək müstəqil Azərbaycanın daha da inkişaf etməsinə, güclənməsinə şərait yaratdı. Heydər Əliyevin rəhbərliyi ilə Qarabağ müharibəsində atəşkəs elan olundu və məsələnin dinc yolla həll edilməsi üçün müzakirələrə başlandı. Eyni zamanda ordu quruculuğu inkişaf etdirildi, ölkəmizdə ədalət, qayda-qanun bərqərar oldu.
Bugünkü müstəqil, inkişaf etmiş, azad Azərbaycan Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizə, xalqımıza göstərdiyi qayğının nəticəsində formalaşıb. Azərbaycanda Ordu Quruculuğu böyük inkişaf yolu keçib. 30 il əvvəl ölkəmizdə nizami ordu yox idi, lakin hal-hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
Göstərdiyi misilsiz xidmətləri ilə Ulu Öndər Heydər Əliyevin adı müasir Azərbaycanın memarı, qurucusu kimi ölkəmizin tarixinə əbədi həkk olunub. Dahi lider hakimiyyətə gəldikdən sonra ölkəmiz digər dövlətlərlə diplomatik münasibətləri bərpa edib, Azərbaycan istər daxili, istərsə də xarici siyasətdə bir sıra uğurlar əldə edib, ölkəmiz beynəlxalq arenada söz sahibi olan dövlətlərdən birinə çevrilib.
Ceyhun Məmmədov,
Milli Məclisin deputatı